“Kiçik və orta sahibkarlığın inkişafı hər bir ölkənin iqtisadi dayanıqlığının gücləndirilməsi, məşğulluğun artırılması və qeyri-neft sektorunun genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, bunun üçün ilk növbədə sahibkarların fəaliyyət göstərməsi üçün əlverişli hüquqi və institusional mühit yaradılmalıdır: “Sadələşdirilmiş vergi sistemi, şəffaf və aydın qanunvericilik, eləcə də qeydiyyat və lisenziyalaşdırma prosedurlarının asanlaşdırılması bu sahədə əsas addımlardan biridir. Kiçik və orta biznesin inkişafını təmin edən mühüm amillərdən biri də onların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsidir. Sahibkarların güzəştli kreditlərə, dövlət zəmanətli maliyyə alətlərinə, investisiya fondlarına və startap dəstək mexanizmlərinə çıxışı onların inkişaf tempini sürətləndirir. Bununla yanaşı, biznes mühitində rəqabət qabiliyyətinin gücləndirilməsi, innovasiya və rəqəmsal texnologiyaların tətbiqi KOS sektorunun daha çevik və dayanıqlı fəaliyyətinə şərait yaradır. Təlim və maarifləndirmə tədbirlərinin genişləndirilməsi, sahibkarların müasir idarəetmə, marketinq və ixrac bacarıqlarının artırılması da strateji istiqamətlərdən biridir. Dövlət qurumları ilə yanaşı özəl sektorun, eləcə də beynəlxalq təşkilatların əməkdaşlığı çərçivəsində həyata keçirilən dəstək proqramları isə KOS-un qlobal bazarlara çıxışını asanlaşdırır. Bütün bu addımlar ümumilikdə kiçik və orta sahibkarlığın iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsini təmin edir”.