“Türkiyə ilə Azərbaycan əlaqələrinin dünyada bənzəri yoxdur. Bu əlaqələrin səviyyəsini Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev arasındakı münasibətlərdən aydın şəkildə görmək mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası dünyada ən vacib tədbirlərin keçirildiyi bir platformadır: “BMT dünyanın ən böyük beynəlxalq təşkilatıdır və 193 üzv ölkəsi var. Belə bir tədbirdə, BMT Baş Assambleyası çərçivəsində cənab Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə “qardaşım” deməsi, əlbəttə ki, böyük məna daşıyır. Bu, təkcə şəxsi münasibət deyil, həm də dünyaya verilən bir mesajdır — həmrəylik və qardaşlıq mesajı.
Xatırladaq ki, 2017-ci ildə Praqada keçirilən Avropa İttifaqı tədbiri zamanı Ermənistan Baş naziri Türkiyə əleyhinə danışanda cənab Prezident İlham Əliyev demişdi: “Türkiyə burada yoxdur, amma mən buradayam” — və beləliklə də, lazımi cavabı vermişdi. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Biz bir millət, iki dövlətik”. Bu, artıq bizə yeni bir kimlik qazandırıb.
Harada olursa-olsun, beynəlxalq tədbirlərdə iki lider mütləq görüşür, First Lady-lər də görüşür, və bu görüşlər dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Bu görüşlər həm Azərbaycan, həm də Türkiyə xalqlarını sevindirir, ruhlandırır, enerji və motivasiya verir. Eyni zamanda bu əlaqələr iki ölkə arasında strateji müttəfiqliyin də göstəricisidir. Gələcəkdə iki lider arasında bu səmimi və güclü münasibətlərin davam edəcəyinə əminik. Ulu Öndər Mustafa Kamal Atatürkün dediyi kimi: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir.” Bu düşüncə ilə biz bir millət, iki dövlətik. Amma lazım olsa, bir dövlət kimi də hərəkət edə bilərik”.