“Forum öz işini başa vurur və tarixə qovuşur”


“Forum öz işini başa vurur və tarixə qovuşur. O, yaddaşımızda əlamətdar və yaddaqalan bir hadisə kimi qalacaq. Bu, statistika bayramı idi. Biz rəsmi statistika qarşısında duran əsas qlobal çağırışlara cavab axtarırdıq”. SİA xəbər verir ki, bu sözləri forumun son günündə çıxışı zamanı MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Konstantin Laykam deyib.

Onun sözlərinə görə, forumun zəngin proqramı 19 ölkə və 9 beynəlxalq təşkilatdan olan milli statistika qurumlarının nümayəndələrinin və nüfuzlu ekspertlərin təqdim etdiyi 50-dən çox məruzəni əhatə edirdi: “Bu, əməkdaşlıq, təcrübə və ideya mübadiləsi bayramı idi. Forum, şübhəsiz ki, beynəlxalq statistik əməkdaşlığın möhkəmlənməsinə ciddi töhfə verdi. Əminliklə deyə bilərik ki, bu forum hər birimizin yaddaşında dostluq bayramı kimi qalacaq – həm şəxsi, həm də xalqlar arasında dostluq. Bu günlər ərzində zal daim müsbət emosiyalarla, səmimi təbəssümlərlə, xoş görüşlərlə dolu idi. Ancaq bu, yalnız şəxsi dostluq bayramı deyildi. Bu, eyni zamanda xalqların dostluğu bayramı idi. Axı biz yalnız statistiklər deyilik – biz xalqlarımızın, ölkələrimizin nümayəndələriyik. Qonaqpərvər ev sahiblərimiz, xüsusilə də onların möhtəşəm mədəni proqramı hər bir ölkəyə göstərilən səmimi ehtiramı nümayiş etdirdi.

Biz Azərbaycandan – şəhərin gözəlliyinə, insanların istedadına və təbii ki, bu ölkənin nailiyyətlərinə heyranlıq hissi ilə ayrılırıq. Bakıdan, Azərbaycan statistikasına – ilk növbədə, onun müdrik, güclü və yorulmaz rəhbəri Tair Yaqubova dərin minnətdarlıq hissi ilə gedirik. Onun yaradıcı ideyaları forumun uğurla keçməsinə yol açdı. O, forumun adından tutmuş proqramına, zalın tərtibatından tutmuş mədəni proqramın ssenarisi, videomateriallar, rəqsçilərin seçimi və hətta, məncə, rəqslərin quruluşu, ifaçıların seçimi və repertuarlarına qədər hər bir detal ilə şəxsən maraqlanıb. Və, görünür, bizə təqdim olunan gözəl və dadlı yeməkləri nəzərə alaraq, menyunu da bəlkə özü hazırlayıb.

O, bizi sadəcə valeh etdi, təəccübləndirdi. Biz, həmçinin, çoxdan tanıdığımız, dəyərləndirdiyimiz və sevdiyimiz etibarlı müavinlərinə da təşəkkür edirik – onlar statistik dünyada artıq nüfuz qazanıblar.

Təbii ki, Dövlət Statistika Komitəsinin bütün əməkdaşlarına da minnətdarıq – onlar bizi diqqət və qayğı ilə əhatə etdilər, yalnız səmərəli deyil, həm də rahat iş şəraiti yaratdılar. Forum iştirakçılarına, MDB ölkələrinin statistika qurumlarının nümayəndələrinə, digər ölkələrdən və beynəlxalq təşkilatlardan olan ekspertlərə təşəkkür edirəm. Sizin iştirakınız və məzmunlu çıxışlarınız sayəsində çox məhsuldar müzakirələr baş tutdu. Bunlar, şübhəsiz, gələcək işimizdə faydalı olacaq.

Sessiyaların moderatorlarına da təşəkkür edirəm – siz prosesə mükəmməl nəzarət etdiniz. Təbii ki, vaxt limitlərinə riayət etmək çətin idi, amma siz bunun öhdəsindən gəldiniz. İdarəetməniz və peşəkar şərhləriniz yüksək səviyyədə idi.

Forumun uğurlu keçməsi bizimlə birlikdə çalışan möhtəşəm tərcüməçilərsiz mümkün olmazdı. Onlar bizə bir-birimizi daha yaxşı anlamağa kömək etdilər. Axı dostluq məhz anlayışla başlayır. Peşəkarlığınıza və əla işinizə görə sizə təşəkkür edirəm. Deyərdim ki, bu üç gündə onlar statistikada yeni bir peşə də qazandılar”!

Əlaqəli Xəbərlər