Tacikistanda Anım Gününə həsr olunmuş tədbir keçirilib


Azərbaycanın Tacikistandakı səfirliyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib və bununla bağlı mətbuat konfransı təşkil olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə jurnalistlər, Azərbaycan icmasının nümayəndələri, Səfirliyin əməkdaşları, o cümlədən tələbələr iştirak ediblər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən hər il ölkəmizdə Anım Günü kimi qeyd olunan 27 sentyabrda Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin hörmət və ehtiramla yad edildiyi bildirilib. 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın 30 illik işğalına son qoyulduğu, Azərbaycanın ərazi bütövlüyünü və bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarının təmin edildiyi qeyd olunub. Vətən müharibəsinin və 2023-cü ilin sentyabr ayında Qarabağ bölgəsində həyata keçirilmiş 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdiyi vurğulanıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə güclü ordu qurulduğu, ölkəmizin iqtisadi əsaslarının möhkəmləndirildiyi, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artdığı qeyd olunub. Bu gün Azərbaycan xalqının müzəffər xalq, Azərbaycan dövlətinin isə qalib dövlət kimi regionda yeni reallıq yaratdığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Səfir regionda sülhün bərqərar olması istiqamətində atılan addımlardan söz açaraq, avqustun 8-də Azərbaycan ilə Ermənistan arasında Vaşinqtonda sülh sazişinin paraflanmasının bölgə üçün tarixi əhəmiyyət daşıdığını qeyd edib. Bununla Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar açıldığı diqqətə çatdırılıb. Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri təkcə iki ölkənin deyil, bütövlükdə regionun firavan gələcəyinə xidmət etdiyi vurğulanıb.

Tədbir çərçivəsində videoçarx nümayiş etdirilib, həmçinin anım günü ilə əlaqədar yaradılmış guşədə fotoşəkillər nümayiş olunub.

Əlaqəli Xəbərlər