Şəhidlərimizin xatirəsi Tailandda anılıb


Azərbaycanın Tailanddakı səfirliyi bu ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Thammasat Universitetində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir təşkil edib. Səfirlikdən SİA-ya bildiriblər ki, tədbirdə Tailandda yaşayan Azərbaycan diasporunun təmsilçiləri, Banqkok şəhərində yerləşən beynəlxalq təşkilatlarda çalışan həmvətənlərimiz, Thammasat Universitetinin nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbir çərçivəsində İkinci Dünya müharibəsi zamanı xarici işğalçılara qarşı mübarizə aparmış Azad Tai Hərəkatı iştirakçılarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Tailanddakı səfiri Elçin Bəşirov 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısının alınması məqsədilə Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində cavab tədbirləri həyata keçirdiyini və bununla da 44 günlük Vətən müharibəsinin başladığını bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun hərbçilərinin rəşadəti və şücaəti nəticəsində qələbə qazanılaraq, 30 illik işğala son qoyulub. Tarixi ədalətin və beynəlxalq hüququn təntənəsi olan bu Zəfər Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb.

Səfir E.Bəşirov Zəfərdən sonra regionda davamlı sülhün bərqərar olması və işğaldan azad olunmuş ərazilərimizdə aparılan nəhəng bərpa-quruculuq işlərindən də bəhs edib.

Əlaqəli Xəbərlər