“Azərbaycana gələn turistlər müxtəlif seqmenti əhatə edir”


“Azərbaycana gələn turistlər müxtəlif seqmenti əhatə edir. Bunu il ərzində mərhələli şəkildə bölgülərlə də izləmək mümkündür. Ümumilikdə götürdükdə, ailəvi istirahət edənlərin, işgüzar səfərlərin, gənclərin intensiv səyahətlərinin və tək səyahət edən macəraçı turistlərin sayında artım müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Kənan Hənifəyev deyib.

Kənan Hənifəyev sözlərinə belə davam edib: “Bütün bu proseslər turizm strategiyası üzərində nəzəri şəkildə müəyyənləşdirilərək həyata keçirilir və müxtəlif sərgi, tədbir və info-turlar vasitəsilə xarici turizm tərəfdaşlarına ölkəmizin mədəni irsi və tədbirlər planı tanıdılır. Bu, həm də Azərbaycana marağı daha da artırır.

Növbəti mərhələdə təqvim üzrə əhəmiyyətli konsertlər, idman yarışları və digər tədbirlər nəzərə alınaraq, müxtəlif seqmentlərin maraqlarına uyğun turist axını başlayır. Lakin bu mərhələyə qədər turizm sənayesində xarici partnyorlarla sıx koordinasiya aparılır ki, ölkəyə turist gəlişində mütəmadilik təmin olunsun.

Turizmdə ümumi balanslaşmanın necə olacağına dair dəqiq qənaətə gəlmək hələ tezdir. İllər öncə “luxury tourism” strategiyası üzərində qurulan hədəflər gözlənildiyi qədər nəticə vermədi. Mövcud vəziyyətdə isə bütün seqment qrupları üçün təkliflər hazırlanır və bu, turist axınının sabit qalmasına xidmət edir. Mənim fikrimcə, ailəvi istirahət edənlərin və gənclərin daha çox cəlb edilməsi ölkə turizminin dinamikasını artıra bilər. Çünki məhz bu iki seqment üzrə iaşə obyektləri və digər xidmət sahələri daha tez formalaşar, sahibkarlar və xidmət personalı isə qısa zamanda təcrübə qazanaraq peşəkar fəaliyyət göstərə bilərlər.

Azərbaycana gələn qonaqların əsas cazibəsi ölkəmizin unikal geosiyasi mövqeyi, zəngin təbiəti, tarixi-mədəni irsi və dövlət səviyyəsində həyata keçirilən tədbirlərlə bağlıdır. Bütün bunlar sadə vətəndaşların marağına da təsir göstərərək turistlərin ölkəmizə səfər etməsinə şərait yaradır. Turist qəbul etmək potensialımız böyükdür, lakin əsas çətinlik hava və quru nəqliyyat vasitələrinin qiymətlərinin turistlərin büdcəsinə tam uyğun olmamasıdır. Hesab edirəm ki, zamanla bu məsələnin də həlli tapılacaq və ölkəmizin turizm imkanları daha geniş miqyasda reallaşdırılacaq”.

Əlaqəli Xəbərlər