“Münasibətlər heç zaman bu cür yüksək səviyyədə, yaxşı və səmimi olmayıb”


“Azərbaycan Prezidenti İlham Əliyevin BMT-dəki çıxışı bir çox parametrləri ilə olduqca əhəmiyyətlidir. Bu çıxış təkcə Azərbaycanın həyatı üçün deyil, regionun yaxın dövr üçün inkişafının, eləcə də dünyada yeni iqtisadi, siyasi, hərbi konfiqurasiyasında Azərbaycanın artan mövqeyi, xüsusilə ABŞ və Azərbaycan arasındakı strateji münasibətlərin inkişafı baxımdan olduqca əhəmiyyətlidir. Cənab Prezident sözügedən çıxışında bir çox məsələlərə öz münasibətini bildirdi. Xüsusilə 8 avqust ABŞ-da cənab Prezidentin səfəri zamanı baş tutan görüşdə qəbul edilən qərarlar, imzalanan sənədlər və onların əhəmiyyəti barəsində bütün dünyaya məlumat verdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Deputat bildirib ki, ölkə başçlsının çıxışı zamanı toxunduğu məsələlərdən biri şübhəsiz ki, uzun illər bizi narahat edən və regionda daimi gərginlik mənbəyinə çevrilən Ermənistanın işğalçı siyasətinə son qoyulması, 44 günlük müharibədən keçən beş il ərzində sülh prosesi və bu prosesində aparılan danışaqların Azərbaycanın təqdim etdiyi beş mühüm təklif üzərində qurulması və son nəticədə isə ABŞ-da prezident Donal Trampın iştirakı ilə hər iki ölkənin xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin mətninin paraflanması oldu: “Mətnin paraflanması o deməkdir ki, artıq buradakı müddəalar dəyişilməyəcək və gələcək sülh müqaviləsi üçün əsas kimi götürüləcək. Burada ABŞ-nin iştirakı da və prezidentinin şahidliyi ilə sənədlərin imzalanması sözügedən sənədlərin gələcəkdə mühüm əhəmiyyət daşıyacağına bir işarətdir.

Ölkə rəhbəri ABŞ və Azərbaycan arasında strateji münasibətlər üçün sənədin hazırlanması ilə bağlı işçi qrupunun yaradılmasını da yüksək qiymətləndirdi. Qeyd etmək lazımdır ki, ABŞ və Azərbaycan arasında münasibətlər heç zaman bu cür yüksək səviyyədə, yaxşı və səmimi olmayıb. Bu cənab Prezident İlham Əliyevin uzun illər apardığı diplomatik xarici siyasətin bəhrəsidir. Amerika Birləşmiş Ştatlarındakı görüş zamanı da Donal Tramp cənab Prezidenti dahi lider adlandırdı və ona yüksək qiymət verdi. Ölkə rəhbəri hələ Tramp seçilməmişdən məsələyə öz mövqeyini bildirmişdi. Hansı ki, bir çox dövlət rəhbərləri burada ya neytral mövqe tuturdular, amma cənab Prezident hər zaman olduğu kimi öz mövqeyini açıq şəkildə bildirdi. ABŞ-dəki çıxışı zamanı da Bayden adminstrasiyasının qeyri-peşəkar və ədalətsiz mövqeyini də tənqid etdi. Bu mənada ABŞ səfərinə yüksək qiymət verən cənab Prezident, həm də bütün dünyaya bəyan etdi ki, artıq Amerika Azərbaycanın dostudur.

BMT-nin sammitində dövlət başçısının vurğuladığı əsas məsələlərdən biri də məhz Ermənistan və Azərbaycan arasındakı müharibənin ədalətli həllinin məhz Azərbaycanın 44 günlük vətən müharibəsində həyata keçməsini vurğuladı. Bu da tarixi hadisədir ki, ilk dəfə olaraq ATƏT-in yaratdığı bir qrup öz tərəfindən ləğv olundu. Vurğulanan digər məsələ isə 907-ci düzəlişlə bağlı idi. Bu düzəlişin təsirinin dayandırılması barədə Trampın imzaladığı sənəd də ölkə başçısının səfəri zamanı əldə olunan uğurlu nəticələrdən biridir. Cənab Prezidentin BMT-nin zirvə toplantısındakı çıxışı olduqca böyük əhəmiyyət daşıyır və bu çıxış bütövlükdə dünyada gedən proseslərdə Azərbaycanın artan mövqeyinin ifadəsi kimi qiymətləndirilməlidir”.

Əlaqəli Xəbərlər