“Məişət zorakılığı anlayışı “Məişət zorakılığı haqqında” qanunun birinci fəslində çox aydın şəkildə qeyd olunub ki, uzun müddət birlikdə yaşamaq və yaxud yaxın qohumluq münasibətlərindən istifadə edərək, bir şəxsin digərinə qarşı tətbiq etdiyi emosional, psixoloji, iqtisadi, cinsəl, mənəvi, maddi zorakılıq formasıdır. Bu zorakılıq növləri həm qadın, həm kişi, həm də uşağa qarşı yönələ bilər”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
Sosioloq bildirib ki, məişət zorakılığının müxtəlif formaları və təzahürləri var: “Təzahür formaları və identifikasiyası fərqlidir. Ən çətin identifikasiyası olan məişət zorakılığı forması emosional zorakılıq formasıdır ki, bunu da daha çox qadınlar kişilərə qarşı tətbiq edir. Emosional zorakılığa məruz qalmış kişilər heç də qadınlardan az deyil. Amma bəzən müxtəlif formalarda çalışırlar ki, məişət zorakılığını daha çox qadına qarşı zoraklıq kimi nümayiş etdirsinlər. Bu isə düzgün deyil. Çünki məişət zorakılığı həm uşaq, həm də kişilərə qarşı baş verir. Kişilər də şübhəsiz ki, qadınlar tərəfindən zorakılığa məruz qala bilir. Sadəcə olaraq cəmiyyətimiz kişi mərkəzli cəmiyyət olduğu üçün kişilər qadınlar tərəfindən zorakılığa məruz qaldıqlarını qürurlarına sığışdırmırlar ki, müvafiq orqana müraciət etsinlər. Əslində isə zorakılığın qurbanı olan kişilər də çoxdur. Düzdür, kişilər müraciət etmədikləri üçün statistikada bu say az çıxır. Amma həqiqət başqadır.
Bütövlükdə məişət zorakılığı yolverilməzdir və ölkəmizdə bununla bağlı qanunlar qərar olunub. Hətta qadınlar üçün bu istiqamətdə sığınacaqlar belə mövcuddur”.