Braziliyada Anım Gününə həsr olunmuş tədbir keçirilib


Azərbaycan Respublikasının Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir təşkil edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, səfirlikdən verilən məlumata görə, tədbir baş qərargahı paytaxt Braziliada yerləşən, ölkənin bütün federal əyalətlərində nümayəndəliyi olan Hərbi Dəniz Qüvvələrinin Veteranlar Assosiasiyasının, həmçinin Braziliya Strateji Tədqiqatlar İnstitutunun (IBEE) rəhbər və təmsilçilərinin iştirakı ilə keçirilib.

Əvvəlcə Azərbaycanın və Braziliyanın Dövlət himnləri səsləndirilib. Sonra qonaqlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman əsgərlərin və müharibə qurbanı olan mülki vətəndaşların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən səfir Rəşad Novruz Azərbaycan xalqının tarix boyu öz doğma torpaqları uğrunda rəşadətlə mübarizə apardığını deyib. Diplomat II Qarabağ müharibəsi zamanı Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlıqdan bəhs edib. R.Novruz bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz dövlət suverenliyini bərpa edib. O, istər münaqişə dövründə, istərsə də 8 Noyabr – Zəfər tarixindən etibarən Azərbaycanın daim sülhün tərəfində olduğunu və bu gün regionda sülh və əmin-amanlığın dayaqlarının gücləndirilməsi üçün heç bir səyini əsirgəmədiyini vurğulayıb. Səfir R.Novruz belə bir günü braziliyalı dostlarla yad etməyin Azərbaycan və Braziliya xalqları arasında mövcud olan münasibətlərdən irəli gəldiyini qeyd edib.

Daha sonra Braziliya Hərbi Dəniz Qüvvələri Veteranlar Assosiasiyasının sədri Karlos Alberto Maçedo və IBEE-nin direktoru, professor Mariya Alis çıxış edərək, Azərbaycana və onun yerləşdiyi regiona sülh, mehriban qonşuluq və firavanlıq diləyib.

Tədbirdə “Baku Media Center” tərəfindən lentə alınmış 27 Sentyabr – Anım Günü ilə bağlı videosüjet nümayiş etdirilib, xatirə şəkilləri çəkilib.

Əlaqəli Xəbərlər