“Təsərrüfat gəlirli və dayanıqlı olmalıdır”


“Biz sərbəst bazar iqtisadiyyatında yaşayırıq. Sərbəst bazar iqtisadiyyatında qiymətlər bazarda formalaşır. Hər bir iqtisadi subyekt gördüyü işə görə yaratdığı mal və xidmətlərin satışından gəlir əldə etmək üçün düzgün və vaxtında planlama aparmalı, bütün riskləri ölçməli və fəaliyyətini buna uyğun qurmalıdır”. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Cəfər İbrahimli deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı da bu proseslərdən kənarda deyil: “Fermer təsərrüfatları birillik və ya çoxillik bitkilər əkərkən, yaxud heyvandarlıqla məşğul olarkən bütün prosesin qısa və orta müddətli dövrlər üçün düzgün planlamasını etməlidirlər. Bu hesablamaların nəticəsində təsərrüfatın gəlirli və dayanıqlı olmasına çalışmalıdırlar. Ola biləcək qiymət dəyişiklikləri, inflyasiya və maliyyət artımı nəzərə alınaraq planlama aparılmalıdır.

Dövlətin qiymət tənzimləməsinə gəldikdə isə mən sərbəst bazar iqtisadiyyatı şəraitində birbaşa qiymət tənzimlənməsinin tərəfdarı deyiləm. Əslində dövlət təsərrüfata kifayət qədər dəstək verir. Bu dəstək satış nöqtəsində deyil, istehsal mərhələsində – yəni işin başlanğıcında göstərilir. Dövlət təsərrüfatın xərclərinin bir hissəsini subsidiyalaşdıraraq öz üzərinə götürür ki, bu da istehsal imkanlarını genişləndirir və maliyyətlərin azalmasına səbəb olur. Son illərdə, xüsusilə də son 7–8 ildə kənd təsərrüfatına ayrılan subsidiyalar əhəmiyyətli dərəcədə artırılıb. Bu, həm istehsalın dəstəklənməsinə, həm də emal və istehsal imkanlarının artmasına şərait yaradıb. Nəticədə bazara daha çox mal və məhsul çıxarılır, tələb ödənildikcə qiymətlərin stabilləşməsinə də dolaylı təsir göstərilir. Beləliklə, dövlət kənd təsərrüfatı sahəsinə kifayət qədər dəstək verir. Qiymət dəyişikliyi isə iqtisadi prosesdir və zamanla qiymətlər arta və ya azala bilər. Fermerlərin əsas vəzifəsi bu dəyişiklikləri əvvəlcədən görüb düzgün planlama aparmaqdır”.

Əlaqəli Xəbərlər