Lənkəranda keçirilən regional konfrans başa çatıb


Sentyabrın 30-da Lənkəranda “Dövlət-din münasibətləri və müasir çağırışlar” mövzusunda keçirilən konfrans işini panel sessiyalarla davam etdirib.

SİA xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, konfransın “İdeoloji təhdidlərə qarşı maarifləndirmə işinin əhəmiyyəti” mövzusuna həsr olunan birinci panel sessiyasına Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov moderatorluq edib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Radikal dini qrupların metodik səhvləri və eksklüzivist din təhsilinin buradakı rolu” mövzusunda çıxış edib. Dini mətnlərin kontekstindən çıxarılaraq təqdim edilməsi, eləcə də məzhəblərin mütləqləşdirilərək dinin yeganə həqiqi təmsilçisi kimi təqdim olunması kimi mənfi tendensiyaları şərh edib.

İnstitutun Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov radikalizm, ekstremizm, dini və ya siyasi fanatizm kimi təzahürlərin təkcə fərdləri deyil, bütöv cəmiyyətləri təhdid etdiyini bildirib.

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri Elnur Mustafayev hibrid təhdidlərə qarşı mübarizədə milli-dini kadr hazırlığının əhəmiyyəti və rolu mövzusunu şərh edərək deyib ki, dövlətin konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsini təbliğ edən radikal dini ideologiyaların fəaliyyəti ən əsas ideoloji təhdidlərdən hesab edilir.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyevin moderatorluğu ilə “Vəhdət və həmrəylik: mənəvi dəyərlərimizin tərkib hissəsi” mövzusuna həsr edilən ikinci paneldə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Aslan Həbibov cəmiyyətdə vəhdətin pozulmasında məzhəb ayrı-seçkiliyinin rolu mövzusuna toxunub.

Tədqiqatçı alim, Qahirə Universitetində Azərbaycan dili müəllimi Seymur Nəsirov İslamda vəhdətin, eləcə milli-mənəvi dəyərlərə, adət-ənənələrə sadiqliyin önəmi barədə danışıb. Görkəmli İslam alimlərinin ölkəmiz barədə fikirlərinə istinad edərək, Azərbaycandakı vəhdətin, həmrəyliyin qorunub saxlanılmasının vacibliyini dilə gətirib.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi İbrahim Quliyev bildirib ki, İslam dini birliyi və həmrəyliyi əsas prinsip kimi qəbul edir. O vurğulayıb ki, vəhdət müsəlman cəmiyyətlərinin möhkəmliyinin təməlidir, fərqli məzhəblər və qruplar arasında sülhün, qarşılıqlı anlaşmanın qorunmasına xidmət edir.

Regional konfransın yekununda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dini maarifçilik fəaliyyətinin əsas hədəfləri barədə danışıb.

Komitənin təşkilatçılığı ilə keçirilən regional konfransda müvafiq dövlət qurumlarının nümayəndələri, eləcə də Lənkəran, Astara və Lerik rayonlarından olan din xadimləri iştirak ediblər.

Əlaqəli Xəbərlər