Oktyabrın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. DİM-dən SİA-ya bildirilib ki, imtahan vermək üçün 1560 nəfər qeydiyyatdan keçib.
İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50), həmçinin Gəncə regional bölməsində (Gəncə şəhəri, H.Əliyev meydanı) iki növbədə keçiriləcək. İmtahan 1 saat davam edəcək. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.
İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. On və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.
“Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib. DİM imtahan iştirakçılarından kitabça ilə mütləq tanış olmağı xahiş edir.