“Ölkənin iqtisadi inkişafında kənd təsərrüfatının rolu böyükdür. Nəzərə almalıyıq ki, bu gün əhalinin 49 faizi kənd yerlərində yaşayır və ümumi əhalinin 35 faizi kənd təsərrüfatı ilə məşğuldur. Sözügedən sahənin inkişafına göstərilən dövlət qayığısı tam aydın görünür. Bu gün kənd təsərrüfatında çox mühüm islahatlar həyata keçirilir. Bu da bilavasitə mütərəqqi texnologiyanın təsərrüfatlara tətbiq olunması, torpaq resurslarından səmərəli istifadə edilməsi, kadr potensialının yüksəldilməsi və innovativ tədbirlərin görülməsidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Deputat bildirib ki, bu gün işğaldan azad olunmuş ərazilərdə də kənd təsərrüfatı məhsullarının istehsalı və emalı əsas məsələ kimi qarşıya qoyulub: “Qarabağ və Şərqi Zəngəzurda torpaqların istifadəyə verilməsi prosesi getdikcə sürətlənir. Son illərdə həmin ərazilərdə 100 min hektardan artıq sahədə paxlalı bitkilər və digər kənd təsərrüfatı məhsulları yetişdirilib. Hər il dağlıq rayonlara mal-qara qaldırılır ki, bu da kənd təsərrüfatının ümumi məhsullarının artımına kömək edir, yeni imkanlar yaradır. Artıq işğaldan azad olunmuş ərazilərdə 600 min hektardan çox torpaq sahəsi əkin dövriyyəsinə qatılmağa hazırdır. Müəyyən təhlükəsizlik tədbirləri nəzərə alınaraq bu proses ləngiyir. Çünki həmin ərazilərdə minalardan təmizləmə işləri həyata keçirilir. Xüsusilə təsərrüfata yeni üsulların tətbiqi gündəmdədir və bu da birbaşa olaraq inkişafa nail olmağı şərtləndirir. Digər tərəfdən həmin ərazilərə köçürülmüş sakinlərin kənd təsərrüfatı ilə məşğul olması üçün imkanlar da yaradılıb.
Qarabağ və Şərqi Zəngəzur torpaqları məhsuldardır və böyük potensiala malikdir. Həmin ərazilərdə Sovetlər dövründə pampıq, üzüm və digər kənd təsərrüfatı məhsulları yetişdirilib. Ərazilərin təbii şəraiti orada heyvandarlıq, balıqçılıq, arıçılığın inkişafına münbit şərait yaradıb. Bu gün dövlət ölkədə sahibkarlığın inkişafına böyük diqqət ayırır. Belə ki, subsidiyalar verilir, güzəştlər olunur, kənd təsərrüfatı ilə məşğul olanlar torpaq vergisi istisna olmaqla demək olar ki, digər vergilərdən azaddır. Bütün bunların sayəsində kənd təsərrüfatına maraq gün keçdikcə daha da artır”.