“3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri, Müstəqil Azərbaycan Respublikasının demokratiya və dövlətçilik tarixində başlanğıc nöqtəsi oldu. Bu seçkilər, ölkəmizin gələcək inkişaf yolunu müəyyən edən, xalqın öz iradəsini sərbəst şəkildə ifadə etdiyi mühüm siyasi hadisə kimi yadda qaldı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, 1993-cü ilə qədər davam edən hərc-mərcliyə, silahlı dəstələr vasitəsilə hakimiyyətə gəlmək ənənəsinə 3 oktyabr 1993-cü il tarixində son qoyuldu. Bu tarixdən etibarən Azərbaycan xalqı qanunçuluğa əsaslanan siyasi idarəetməyə üstünlük verdi, hakimiyyətin xalqın etimadına söykənməsinin vacibliyini bir daha təsdiqlədi: “Ümummilli lider Heydər Əliyev, Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi, demokratik seçkilər nəticəsində hakimiyyətə gəldi və bununla da Azərbaycanda legitim hakimiyyətin əsasları formalaşdırıldı. Onun dövlət başçısı seçilməsi ilə ölkədə siyasi sabitlik bərqərar olmağa başladı, daxili qarşıdurmalar və parçalanmalar aradan qaldırıldı. Heydər Əliyevin rəhbərliyi ilə ölkə tədricən iqtisadi və siyasi böhrandan çıxaraq inkişaf yoluna qədəm qoydu. Bu səbəbdən 3 oktyabr təkcə siyasi sistemimizdə deyil, həm də hüquqi sistemimizdə əhəmiyyətli bir tarixi hadisənin başlanğıcı kimi dövlətçilik tariximizə yazıldı. Həmin gün xalqımız demokratik seçim etməklə ölkənin gələcək müstəqilliyini, sabitliyini və inkişafını təmin edəcək yeganə düzgün yolu seçmiş oldu.
Ondan sonra baş verən bütün hadisələr siyasi sistemimizin hüquqi əsaslara söykənməsinə yönəldi və 1995-ci il noyabrın 12-də ümummilli liderin yüksək qiymətləndirdiyi Milli Konstitusiyamızın qəbul olunması ilə Azərbaycanda milli demokratiyanın əsasları bir dəfəlik qoyulmuş oldu. Bununla yanaşı, siyasi institutların formalaşması, dövlət idarəetməsinin hüquqi çərçivəyə salınması və insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində mühüm addımlar atıldı. Beləliklə, 3 oktyabr 1993-cü il seçkiləri yalnız bir siyasi hadisə deyil, Azərbaycanın müstəqil dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı kimi çıxış etdi. Bu tarixi gün ölkəmizin gələcək inkişafına yol açan, sabitlik və milli həmrəyliyin təməlini qoyan mühüm dönüş nöqtəsi oldu”.