“Azad olunmuş ərazilərimizdə yaradılan infrastruktur və şərait ən yüksək tələblər və standartlar səviyyəsində qurulur. Prezident İlham Əliyevin tapşırığı da ondan ibarətdir ki, bu ərazilərdə yeni şəhər və kəndlər yalnız bu günün deyil, gələcəyin tələblərinə uyğun inşa olunsun. Çünki biz bu bölgələri sıfırdan bərpa edirik və bu zaman ən müasir texnologiyaların tətbiqini təmin etməliyik”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, hazırda elmi-texniki tərəqqi çox sürətlə inkişaf edir: “Bu gün yeni hesab edilən texnologiya sabah artıq köhnəlmiş sayılır. Ona görə də əsas məqsədimiz bu ərazilərin gələcəyin ruhunu daşımasıdır.
Bəli, bu proses maliyyə baxımından böyük tutum tələb edir. Amma unutmaq olmaz ki, azad edilmiş ərazilər Livan boyda bir ərazini əhatə edir və tamamilə viran qalmış vəziyyətdədir. Ermənilər orada yalnız xarabalıq qoyublar. Çünki bu torpaqlar onlara məxsus deyildi və özləri də bilirdilər ki, gec-tez oranı tərk edəcəklər. Azərbaycan isə onları qovdu və indi həmin yerlərdə sıfırdan quruculuq işləri aparılır. Məqsədimiz həm müasir, həm də xalqımızın rahatlığına cavab verən infrastruktur yaratmaqdır.
Kənardan baxanda bu proseslər bəzən asan görünə bilər. Amma nəzərə almaq lazımdır ki, bütün kommunikasiyalar – enerji, su, qaz, yol – tamamilə yenidən qurulur. Dövlət başçısının tələbi də budur ki, görülən işlər tez köhnəlməsin, dayanıqlı olsun. Bu zaman həm xarici təcrübədən istifadə edilir, həm də yerli müasir yanaşmalar tətbiq olunur. Xarici mütəxəssislər belə bu işlərə böyük maraq və heyranlıqla baxırlar.
Bəzən keyfiyyətlə bağlı müəyyən narazılıqlar eşidilir ki, bu da təbiidir. Çünki miqyaslı işlərdə texniki qüsurlar ola bilər. Amma ümumi mənzərəyə nəzər salanda aydın görünür ki, son beş ildə bölgədə inanılmaz dəyişikliklər baş verib. Mən dəfələrlə bu ərazilərdə olmuşam və müşahidə etmişəm ki, insanlar coşqu ilə, böyük istəklə çalışırlar. Artıq minlərlə soydaşımız doğma torpaqlarına qayıdıb və normal həyat qurmağa başlayıblar.
Ətraf mühitin qorunması və təbiətin çirklənmədən mühafizəsi burada əsas prioritetlərdəndir. Prezidentin müəyyən etdiyi hədəf ondan ibarətdir ki, 2030, 2040, hətta 2050-ci illərə qədər bu ərazilərdə atmosferə atılan tullantılar sıfır səviyyəsində olsun. Bərpa olunan enerji mənbələri geniş şəkildə tətbiq ediləcək. Bu, həm də innovativ və gələcəyə hesablanmış təcrübədir.
Burada yaradıcı yanaşma və təşəbbüskarlıq əsas rol oynayır. Dövlətin bu prosesə verdiyi dəstək və yaratdığı şərait biz vətəndaşlardan da eyni münasibət tələb edir. Hər şeyi yalnız dövlətdən gözləmək düzgün deyil. Biz də bacarığımız, ideyalarımız və potensialımızla bu işlərdə iştirak etməliyik. Rəsmi strukturlar ilə vətəndaş təşəbbüsləri birləşdikdə isə ortaya dayanıqlı və uğurlu nəticələr çıxacaq”.