“Süni intellekt musiqiləri gələcəkdə sənət anlayışını yenidən müəyyən edə bilər”


“Süni intellektlə yaradılan musiqilərin gələcəkdə real sənət nümunəsi kimi qəbul olunub-olunmaması məsələsi sosioloji müstəvidə həm texnoloji, həm də mədəni aspektlərdən təhlil edilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, tarix boyu incəsənət və yaradıcılıq anlayışları yalnız insanın daxili duyğuları, təxəyyülü və istedadı ilə izah edilirdi. Musiqi də uzun müddət “insanın ruhunun səsi” kimi qəbul olunub. Lakin texnologiyanın inkişafı, xüsusilə süni intellektin meydana çıxması bu sərhədləri köklü şəkildə dəyişməyə başlayıb: “Bugün artıq süni intellekt müəyyən alqoritmlər vasitəsilə musiqi bəstələyə, janrları qarışdıra, hətta konkret bəstəkarların üslubunu təqlid edə bilir. Burada əsas sosioloji sual yaranır: cəmiyyət sənət dedikdə yalnız insan yaradıcılığınımı nəzərdə tutur, yoxsa yaradıcı nəticə əsasdır? Əgər sənətin meyarı insanın emosiyasına, estetik zövqünə təsirdirsə, onda süni intellekt əsasında yaranan musiqilər də bu kriteriyalara cavab verə bilər. Çünki dinləyici çox vaxt musiqinin necə yaranmasından çox, ona hansı hissləri bəxş etdiyinə diqqət edir.

Digər tərəfdən, incəsənət sadəcə texniki gözəllik deyil, həm də mədəniyyətin, tarixin, kimliyin ifadəsidir. Süni intellektin yaratdığı musiqilərdə isə çox zaman həmin “insani təcrübə” elementi zəif görünür. Bu baxımdan, yaxın gələcəkdə süni intellekt musiqiləri daha çox eksperiment, texnologiyanın məhsulu və ya kommersiya məqsədli layihə kimi qəbul oluna bilər. Amma uzunmüddətli perspektivdə, xüsusilə yeni nəsillərin estetik zövqünün dəyişməsi ilə onlar bədii dəyərə malik sənət nümunəsi kimi tanına bilər.

Sosioloji müşahidələr göstərir ki, cəmiyyət sənətin sərhədlərini daim yenidən müəyyən edir. Məsələn, bir vaxtlar fotoqrafiya və ya kino da “əsl sənət deyil” deyə qəbul olunurdu. Ancaq zaman keçdikcə bu sahələr həm mədəniyyətin, həm də incəsənətin ayrılmaz hissəsinə çevrildi. Eyni proses süni intellekt musiqilərində də baş verə bilər. Süni intellektlə yaradılan musiqilər artıq bu gün də dinləyicidə emosional təsir oyada bilirsə, gələcəkdə onların “real sənət” statusu qazanması ehtimalı çox yüksəkdir. Lakin bu, həm də cəmiyyətin yaradıcılıq anlayışını necə dəyişəcəyindən, insan və texnologiya münasibətlərini hansı müstəviyə daşıyacağından asılı olacaq”.

Əlaqəli Xəbərlər