Qarşıdakı dövrlərdə əsas hədəfimiz rəqabət mühitinin gücləndirilməsi, dövlət satınalmalarında çox iştirakçılığın təmin olunması, kiçik və orta sahibkarlığın dəstəklənməsi olacaq. SİA xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov II Milli Rəqabət Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, rəqabət mühitinin təmin olunması həm dayanıqlı iqtisadi inkişafı, həm də sənayeləşmə səviyyəsinin yüksəlməsini şərtləndirir: “Bu, biznes subyektlərinin gəlirliliyinin artmasına və iqtisadi şaxələndirmənin genişlənməsinə şərait yaradacaq. Azərbaycanda dövlət satınalmalarında çox iştirakçılıq təmin ediləcək. Azərbaycanda rəqabətlə birbaşa bağlı sahələrdən biri də dövlət satınalmaları və keyfiyyət infrastrukturudur. Bu istiqamətdə əsas məqsəd büdcə vəsaitlərindən səmərəli istifadənin təmin olunması, sahibkarların dövlət satınalmalarında iştirak imkanlarının genişləndirilməsi, məhsul və xidmətlər üzrə dəqiq standartların müəyyənləşdirilməsi və keyfiyyət infrastrukturunun inkişafının stimullaşdırılmasıdır. Bütün bunlar ölkədə əlverişli biznes mühitinin formalaşmasına xidmət edir.
Bu il ərzində baş verən rəqabət qanunvericiliyinin pozulması halları ilə bağlı danışan qurum rəhbəri cari ilin 8 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi, eləcə də iqtisadi təmərküzləşmə əməliyyatları üzrə baxılmış müraciətlərin 2 dəfəyədək, qanunsuz reklamların yayımı və təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar baxılmış müraciətlərin isə 20 faizədək artdığını da vurğulayıb.
“Hesabat dövründə 83 təmərküzləşmə əməliyyatı araşdırılıb. Bütün bunlar rəqabət mühitində fəallığı və davamlı inkişaf dinamikasını nümayiş etdirir. Əlavə olaraq, bu il ərzində haqsız rəqabətə yol verilməklə rəqabət qanunvericiliyinin pozulması ilə bağlı 54 araşdırmaya başlanılıb və 12 iş qaldırılıb. Görülən tədbirlərin bir məqsədi var: rəqabəti pozan davranışlardan çəkindirmək və rəqabət mədəniyyətinin təşəkkülünə nail olmaq. Məhz bunun nəticəsidir ki, 14 təsərrüfat subyekti aşkar olunmuş pozuntu hallarını könüllü aradan qaldırıb”, – deyə E.Bağırov qeyd edib.