“Hər iki ölkə bir-biri üçün daim maraq kəsb edib”


“Azərbaycan-İtaliya əlaqələri tarixi köklərə, qarşılıqlı etimada əsaslanan münasibətlərə, ortaq maraqlara, strateji tərəfdaşlığa və dostluğa söykənir. İtaliya Azərbaycan Xalq Cümhuriyyəti dövründə paytaxt Bakıda diplomatik nümayəndəlik açan azsaylı ölkələrdən biridir. Bu faktın özü hər iki ölkənin bir-biri üçün daim maraq kəsb etdiyinin göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.

Deputat bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, xüsusilə də ümummilli lider Heydər Əliyevin 1997-ci il sentyabrın 25-də bu ölkəyə rəsmi səfərindən etibarən Azərbaycan-İtaliya münasibətlərində yeni mərhələ başlayıb: “Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ilk günlərdən Azərbaycan-İtaliya əlaqələrinin inkişafı istiqamətində mühüm addımlar atılıb və iki dövlət arasındakı münasibətlər iqtisadi-siyasi müstəvidə strateji müttəfiqlik müstəvisinə yüksəlib.

Azərbaycan-İtaliya münasibətləri bu gün də dinamik şəkildə inkişaf etməkdədir. Təsadüfi deyil ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işlərində Italiya şirkətləri yaxından iştirak edirlər.

İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və bu ölkənin Cənubi Qafqazda apardığı ticarətin 95 faizi Azərbaycanın payına düşür.

İtaliya-Azərbaycan əlaqələrinin inkişafında hər iki ölkənin parlamenti mühüm rol oynayır.

2023-cü il aprelin 18-də Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu və İtaliya Senatının Azərbaycanla dostluq qrupu arasında memorandum imzalanıb. Memarandumun imzalanmasından 1 ay sonra İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Senatda Avropa İttifaqı siyasəti Komissiyasının katibi senator Marko Skurrianın başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Azərbaycana səfər ediblər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Sahibə Qafarova və digər rəsmi şəxslərlə görüşlər keçiriblər, iki ölkə arasında əlaqələrin ən müxtəlif müstəvilərdə inkişafı ilə bağlı müzakirələr aparıblar.

Marko Skurrianın başçılıq etdiyi nümayəndə heyətinin üzvlərinin Azərbaycanda səfərdə olduqları zaman kəsiyində, Milli Məclisdə keçirdikləri görüşlərdə diqqət çəkən ən önəmli məqamlardan biri nümayəndə heyətində təmsil olunan parlamentarilərin hər birinin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük müharibədən sonra ölkəmizə gəlişi, işğaldan azad edilən Ağdamda gördüklərindən dəhşətə gəldiyini vurğulamasıdır.

Qeyd edim ki, İtaliya parlamentarilərinin müharibədən dərhal sonra, 2020-ci ilin dekabrında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etmələri iki ölkənin parlamentləri arasındakı əlaqələrin yüksək səviyyədə olduğunun, İtaliya Parlamentinin beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyinin göstəricisi kimi dəyərləndirilə bilər.

Azərbaycan-İtaliya münasibətlərinin nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirən ən önəmli məqamlardan biri də Azərbaycanın mədəniyyət və mənəviyyat paytaxtı olan Şuşadakı tarixi abidələrin və işğal zamanı dağıdılmış məscidlərin bərpasının və yenisinin tikintisinin İtaliya şirkətlərinə həvalə olunmasıdır.

İtaliya prezidenti cənab Sergio Mattarellanın Azərbaycana ikinci səfəri zamanı mətbuat konfransında Prezident Əliyevin vurğuladığı kimi, Roma hər zaman Azərbaycanın Avropa ilə yaxınlaşmasına dəstək verib və bu mövqe hazırda da öz aktuallığını qoruyur.

İtaliya prezidentinin mətbuata bəyanatı göstərir ki, Bakı–Roma xətti Aİ–Azərbaycan münasibətlərinə inteqrasiya olunmuş mühüm siyasi kanaldır. Bu kanal həm enerji təhlükəsizliyi, həm də yeni nəsil əməkdaşlıq layihələri üçün açar rolunu oynayır.

Əgər ilk mərhələdə tərəfdaşlığın mərkəzində enerji layihələri dayanırdısa, bu gün gündəmin ön sırasına həm də humanitar əməkdaşlıq çıxır. Bu baxımdan, İtaliya–Azərbaycan Universiteti yalnız akademik biliklərin ötürülməsi üçün vasitə deyil, həm də mədəniyyətlərarası körpü funksiyasını daşıyır. Burada təhsil alacaq yüzlərlə gənc gələcəkdə iki ölkə arasında dostluğun canlı daşıyıcıları olacaq. Beləliklə, iqtisadi maraqlar üzərində qurulan tərəfdaşlıq artıq mədəni-humanitar sferada da dərinləşərək davamlı və gələcəyə hesablanan modelə çevrilir.

Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimiz arasında mövcud bu əməkdaşlıq modeli bir-birindən coğrafi baxımdan uzaq ölkələrin necə strateji tərəfdaş ola biləcəyini sübut edir. Roma ilə Bakı arasında formalaşan bu etibarlı körpü həm region, həm də Avropa üçün mühüm sabitlik amilidir”.

Əlaqəli Xəbərlər