…Avropa İttifaqı Şurası 47 Rusiya vətəndaşı və 15 Rusiya təşkilatına qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 12 ay uzadıb. Uzadılmanın əsası Avropa Birliyinə qarşı yönəlmiş “hibrid hərəkətlər”dir.
SİA xəbər verir ki, sənədə əsasən, Avropa İttifaqı Şurası “Rusiyanın xaricdə sabitliyi pozan fəaliyyətində” iştirak etdiyi hesab edilən şəxslərə qarşı fərdi sanksiyaların 2026-cı il oktyabrın 9-dək uzadılması barədə qərar qəbul edib.
İddia edilən əsaslandırma “Rusiyanın davam edən hibrid fəaliyyəti, o cümlədən yalan məlumatların yayılması və Aİ, onun üzv dövlətləri və müttəfiqlərinin daxili işlərinə müdaxilə” iddialarıdır.
Rusiya Federasiyası Qərb ölkələrinin müdaxilə ilə bağlı bütün ittihamlarını dəfələrlə rədd edərək, onları əsassız adlandırıb. Avropa İttifaqı Şurası aydınlaşdırır ki, sanksiyalar siyahısına Rusiyadan 47 fiziki və 15 hüquqi şəxs daxildir. Məhdudlaşdırıcı tədbirlərə onların Aİ daxilində aktivlərinin bloklanması, eləcə də avropalı fiziki və hüquqi şəxslərin onlara maliyyə və iqtisadi dəstək göstərməsinin qadağan edilməsi daxildir.
Əli Babayev