ATU-da əcnəbi tələbələrlə “Miqrasiya qaydaları”mövzusunda tədbir keçirilib


Azərbaycan Tibb Universitetində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında miqrasiya qaydaları,tibbi əlçatanlıq və ölkə tanıtımı mövzularında maarifləndirmə” layihəsi çərçivəsində tədbir keçirilib. Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən Universitetin xarici tələbələrlə iş üzrə dekanı Natiq Bayramov, Universitetdə tələbələr üçün yaradılan şəraitdən,yeniliklərdən danışdı və Dövlət Miqrasiya Xidməti əməkdaşlarının ali məktəblərdə əcnəbi tələbələrlə görüşlərinin əhəmiyyətini vurğuladı.

Layihə rəhbəri, DMX yanında ictimai şuranın üzvü Vidadi Fətullayev, 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik” ili kimi qeyd edildiyini bildirdi və ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra daha da artan iqtisadi inkişafımızın nəticəsi olaraq,ali məktəblərimizə təhsil almaq üçün gələn əcnəbi tələbələrin sayının hər il artdığını qeyd etdi.

Əcnəbi tələbələrlə keçirilən maarifləndirmə tədbirlərinin vacibliyindən danışan Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova, Dövlət Miqrasiya Xidməti tərəfindən atılan addımlar və mövcud miqrasiya qaydaları barədə geniş məlumat verdi.

Tədbirdə iştirak edən əcnəbi tələbələri maraqlandıran suallar, DMX əməkdaşları tərəfindən ətraflı cavablandırıldı və miqrasiya qanunvericiliyinin əcnəbi tələbələrlə bağlı maddələrinə dair izahatlar verildi. İştirakçılar, tədbirin keçirilməsinə dəstək olan QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Dövlət Miqrasiya Xidməti və ATU rəhbərliklərinə minnətdarlıqlarını bildirdilər.

Əlaqəli Xəbərlər