“Zəngəzur dəhlizi beynəlxalq strateji sistemin mühüm həlqəsinə çevrilib“


“Zəngəzur dəhlizi bu gün Cənubi Qafqazın gələcəyini müəyyən edən ən mühüm geosiyasi layihələrdən birinə çevrilib. O, təkcə Azərbaycan üçün nəqliyyat və iqtisadi əlaqələrin bərpası demək deyil, həm də regionun uzun illər davam etmiş blokadalar və qarşıdurmalar dövründən çıxış yoludur. Dəhlizin açılması ilə Azərbaycan Naxçıvanla birbaşa quru əlaqəsini təmin edir, bu isə ölkənin suveren nəqliyyat şəbəkəsinin tamamlanması baxımından tarixi əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

O bildirib ki, son hadisələr Zəngəzur dəhlizinin regional deyil, artıq qlobal səviyyədə strateji prioritetə çevrildiyini göstərir: “ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə keçirilən görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanan “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlı çərçivə sənədi bu reallığın sübutudur.

Məlumata görə, sənəd Zəngəzur dəhlizinin 43 kilometrlik hissəsində xüsusi inkişaf və təhlükəsizlik mexanizmlərinin yaradılmasını, eyni zamanda marşrutun beynəlxalq səviyyədə qorunmasını nəzərdə tutur. Layihə çərçivəsində ABŞ-a müəyyən idarəetmə və texniki təminat səlahiyyətlərinin verilməsi də planlaşdırılıb. Bu, həm regionda sabitliyin qorunması, həm də layihənin iqtisadi cəhətdən dayanıqlı həyata keçirilməsi üçün mühüm addım hesab olunur.

Bu təşəbbüsün siyasi mənası ondan ibarətdir ki, Zəngəzur dəhlizi artıq yalnız Bakı ilə İrəvan arasında danışıqların predmeti deyil, beynəlxalq təhlükəsizlik və iqtisadi əməkdaşlıq gündəminin ayrılmaz hissəsinə çevrilib. ABŞ-ın birbaşa iştirakını təmin edən TRIPP mexanizmi Cənubi Qafqazda yeni balans yaradır və regionu Qərb və Avrasiya enerji-nəqliyyat sistemlərinin qovşağına çevirir.

Zəngəzur dəhlizinin açılması regiondakı qüvvələr balansına da təsir göstərir. Rusiya, bir tərəfdən, kommunikasiya yollarının açılmasını dəstəkləyir, lakin ABŞ-ın bu prosesdə aktiv iştirakını məhdudlaşdırmağa çalışır. İran isə dəhlizin öz ərazisini yan keçməsindən narahatdır və bu layihəni ehtiyatla izləyir. Buna baxmayaraq, artıq reallıq ondan ibarətdir ki, Zəngəzur xətti regionda təcrid yox, qarşılıqlı asılılıq və əməkdaşlıq mərhələsinin başlanğıcını qoyur.

İqtisadi baxımdan dəhliz Avrasiya ticarət xəritəsində yeni, daha qısa və təhlükəsiz istiqamət yaradır. Bu xətt Çindən başlayaraq Qafqaz və Türkiyə vasitəsilə Avropaya uzanır, həm də mövcud Şimal və Cənub dəhlizlərinə alternativ təşkil edir. İqlim şəraiti, məsafə və siyasi sabitlik amilləri baxımından Zəngəzur marşrutu logistika və enerji daşımalarında strateji üstünlüyə malikdir.

Nəticə etibarilə, Zəngəzur dəhlizi artıq regional iqtisadi layihədən çıxaraq beynəlxalq strateji sistemin mühüm həlqəsinə çevrilib. Onun uğurla reallaşması Cənubi Qafqazda sülh və etimad mühitini gücləndirəcək, həm də Avrasiya məkanında enerji, nəqliyyat və təhlükəsizlik inteqrasiyasının yeni mərhələsini başlatacaq. ABŞ-ın vasitəçiliyi ilə əldə edilən TRIPP razılaşması bu istiqamətdə mühüm addımdır və regionun gələcək siyasi arxitekturasına birbaşa təsir göstərəcək”.

Əlaqəli Xəbərlər