“Bir ölkənin həyatında baş verən proseslər sözsüz şəkildə cəmiyyətə və ictimaiyyətə böyük təsir göstərir. Qabaqcıl ölkələrdə cəmiyyətin ən elit təbəqəsindən tutmuş aşağı təbəqəsinə qədər bu təsir hiss olunur”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, Azərbaycan da belə ölkələrdəndir: “Avropa ilə Asiyanın, Şərq ilə Qərbin, müsəlman və xristian dünyasının qovuşduğu bir məkan kimi Azərbaycan hər zaman beynəlxalq tədbirlərin keçirilməsi üçün mühüm bir mərkəz olub. Azərbaycanda keçirilən belə tədbirlər həm siyasi baxımdan əhəmiyyətlidir, həm də ölkənin tanıdılması, iqtisadi vəziyyətinə müsbət təsir göstərməsi baxımından böyük rola malikdir. Ən önəmlisi isə daxili və xarici turizmin inkişafına şərait yaradır, ölkəyə əcnəbi turistlərin axınına səbəb olur ki, bu da Azərbaycan üçün mühüm hadisələrdən sayılır.
Bəzən vətəndaşlar bu tədbirlərin nə üçün keçirildiyini anlamaya bilərlər. Məsələn, “Formula-1” yarışlarının Bakıda keçirilməsinin səbəbi və əhəmiyyəti bəzilərinə aydın olmaya bilər. Amma bu yarışlar turizm sektorunun, xidmət sahəsinin və hətta kənd təsərrüfatının inkişafına böyük təsir göstərir.
Azərbaycana gələn turistlər təkcə yarışları izləmək üçün yox, eyni zamanda ölkəni tanımaq, mədəniyyəti ilə tanış olmaq və burada xidmətlərdən yararlanmaq üçün gəlirlər. Bu isə sahibkarlar, işçilər, restoran və otel şəbəkələri üçün əlavə imkanlar deməkdir.
Bu tədbirlər yeni iş yerlərinin açılmasına, yeni imkanların yaranmasına, yerli əhalinin əcnəbilərlə əlaqələrinin genişlənməsinə və gələcək əməkdaşlıqlara zəmin yaradır. Cəmiyyətin bu tədbirlərin əhəmiyyətini başa düşməsi üçün daim maarifləndirmə işləri aparılmalıdır.
Bu işdə media orqanlarının üzərinə də böyük məsuliyyət düşür. Təəssüf ki, bəzən Azərbaycanda keçirilən tədbirlər zamanı xarici media mütəxəssisləri və bloggerlər dəvət olunsa da, yerli mütəxəssislər və ictimaiyyətlə birbaşa əlaqə quran şəxslərdən az istifadə olunur.
Təkcə mədəni və qeyri-kommersiya xarakterli tədbirlər deyil, idman yarışları da Azərbaycanın iqtisadiyyatına və vətəndaşlarına birbaşa və dolayı yolla təsir edir. Məsələn, “Formula-1” yarışmasının Bakı mərhələsi, Avropa Oyunları, “Avroviziya”, İslam Həmrəyliyi Oyunları kimi tədbirlər bu qəbildəndir. Bu cür tədbirlər otelçilikdən tutmuş nəqliyyat və logistika imkanlarına, restoran və xidmət sahələrinə qədər bir çox sektoru hərəkətə gətirir. Müştərilər, işçilər, sahibkarlar və turistlər arasında yeni əlaqələr qurulur, iqtisadi mexanizm işə düşür və nəticədə ölkə qazanır, cəmiyyət isə bu müsbət təsirləri hiss edir. Lakin bu tədbirlərin əsl mahiyyəti öncədən cəmiyyətə geniş şəkildə açıqlanmalıdır. Bu məqsədlə ənənəvi media vasitələri (radio, televizor, qəzet), internet saytları, xəbər portalları və yeni media (bloggerlər, tiktokerlər, youtuberlər və s.) vasitəsilə məlumatlandırma aparılmalıdır. Həmçinin qeyri-hökumət təşkilatları və ictimai birliklər vasitəsilə də bu məlumatlar birbaşa ictimaiyyətə çatdırıla bilər.
Qeyd etmək lazımdır ki, könüllülük hərəkatı bu sahədə çox uğurla fəaliyyət göstərir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə yerli və xarici könüllülər geniş şəkildə iştirak edir. Bu isə cəmiyyətlə əlaqələrin qurulmasında mühüm rol oynayır”.