Rusiya polisi əməkdaşları Moskvanın mərkəzində Arbat küçəsində yoldan keçənlərə bıçaqla hücum edən şəxsi saxlayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, RF Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları münaqişə zamanı bir zərərçəkənə çoxsaylı bıçaq zərbələri vurmuş, ikincini isə bir neçə dəfə bıçaqlamış 49 yaşlı Moskva sakinini saxlayıblar. Bıçaqlama hadisəsinin şahidi hadisə barədə operativ xidmətlərə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları əvvəllər məhkum olunmuş moskvalıdan bıçağı alıblar. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Tibb işçilərinin sözlərinə görə, zərərçəkənlərdən biri, 30 yaşlı kişi ağır bədən xəsarətləri alıb. İkinci zərərçəkənin xəsarətlərinin ciddiliyi dəqiqləşdirilir. Hüquq-mühafizə orqanları əlavə edib ki, hadisə Arbat küçəsindəki Tsoy divarının yaxınlığında baş verib.