…Moldovada keçirilən son parlament seçkiləri Kremlin postsovet məkanında öz nüfuzunu bərpa etmək ambisiyalarına ciddi zərbə vurdu.
SİA-nın məlumatına görə, bu barədə Atlantic Council yazır.
Geniş müdaxilə cəhdlərinə baxmayaraq, prezident Maya Sandu-nun Avropayönlü partiyası səslərin 50 faizindən bir qədər çoxunu toplayaraq qətiyyətlə qalib gəldi.
Belə görünür ki, səsvermənin nəticələri Moskvanın qonşuları üzərində nəzarəti saxlamaq strategiyasının artıq işləmədiyinə dair açıq siqnal idi.
Araşdırmalar da göstərir ki, Rusiya maliyyə stimulları və saxta sorğulardan tutmuş sosial mediada geniş miqyaslı dezinformasiya əməliyyatlarına qədər seçkilərin sabitliyini pozmaq üçün kampaniyaya böyük sərmayə qoyub. Səsvermədən bir neçə gün əvvəl prezident Sandu Moskvanı “səslərin satın alınmasına” və seçicilərin “informasiya zəhərlənməsinə” yüz milyonlarla avro xərcləməkdə ittiham edib.
Moldova səlahiyyətliləri həmçinin nağd pul və kriptovalyutadan istifadə də daxil olmaqla qeyri-qanuni maliyyələşdirmə sxemlərini aşkar ediblər.
Mərkəzi Seçki Komissiyası hətta bir rusiyayönlü partiyanı rüşvətxorluq və çirkli pulların yuyulmasında ittiham edərək seçkilərdən kənarlaşdırıb.
Buna baxmayaraq, həlledici amil moldovalı seçicilərin şüurlu mövqeyi idi.
…Və təzyiqlərə baxmayaraq, onlar Avropaya inteqrasiya və islahatlar yolu seçdilər. Kremlin məğlubiyyəti onun təsir imkanlarının hüdudlarını və Qərb dəyərlərinə – demokratiya, qanunun aliliyi və sabitliyə cəlbedici alternativin olmadığını nümayiş etdirdi.
Moldova üçün bu, özünün Avropa yolunu gücləndirmək üçün bir addımdır. Rusiya üçün bu, qonşularına siyasət diktə etmək qabiliyyətinin sürətlə zəiflədiyinin bir daha sübutudur.
Əli Babayev