Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib


Biləsuvar rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, toxum bazarının formalaşdırılması, innovativ texnologiyaların tətbiqi ilə toxumçuluqda məhsuldarlığın yüksəldilməsi, sahənin elmi əsaslarla inkişaf etdirilməsi, eyni zamanda, fermerlərin sertifikatlaşdırılmış toxumlara əlçatanlığının təmin olunması məqsədilə keçirilən yarmarkada Biləsuvar və Cəlilabad rayonundan toxumçu fermerlər, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər iştirak ediblər.

Rəsmi açılış mərasimində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qeyd edib ki, aqrar sektorun inkişafı və ərzaq məhsullarının istehsalının artırılması məqsədilə bu kimi festivallarn və sərgi-satış yarmarkalarının təşkili fermerlərin peşəkar biliklərinin artırılmasına, məhsuldarlığın yüksəldilməsinə və sahibkarlıq fəaliyyətinin genişlənməsinə mühüm töhfə verir. O, həmçinin bildirib ki, bölgədə kənd təsərrüfatının bütün sahələri kimi toxumçuluğun inkişafına da xüsusi önəm verilir və təşkil olunan sərgi-satış yarmarkası yerli və ətraf rayonlardan olan fermerlərin keyfiyyətli toxum əldə etməsinə geniş imkanlar yaradır.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında aqrar sahədə keçirilən festival və sərgilərin əhəmiyyətini vurğulayaraq bildirib ki, il ərzində müxtəlif bölgələrdə təşkil olunan Aqrar Biznes festivalları və toxum sərgi-satış yarmarkaları yalnız maarifləndirici xarakter daşımır, həm də dövlət və özəl sektor arasında tərəfdaşlığın formalaşmasına müsbət təsir edir. O əlavə edib ki, Biləsuvar rayonunda keçirilən toxum sərgi-satış yarmarkası bu silsilədən mövsümün sayca 7-ci tədbirdir.

Daha sonra iştirakçılar sərgi stendlərinə baxış keçirərək təqdim olunan toxum sortları və müxtəlif aqrar məhsullarla tanış olublar.

Yarmarkada toxum istehsalçıları ilə yanaşı, müxtəlif dövlət qurumları və özəl şirkətlər də iştirak ediblər. Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi vahid stenddə regionlara uyğun sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri nümayiş etdirilib, fermerlərə torpaq-iqlim şəraitinə uyğun toxum seçiminin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu bölgədə “Almeria”, “Ləyaqətli-80”, “Yubiley-90”, “Mətin”, “Balaton”, “Lider” yumşaq buğda sortları, eləcə də “Göytəpə”, “Xudafərin” bərk buğda sortları, “Cəlilabad-19”, “Dəyanətli” , “Finola” arpa sortlarının əkin materialı kimi istifadəsi daha məqsədəuyğundur. Mütəxəssislər tərəfindən müraciət edən fermerlərə aqrotexniki məsləhətlər verilib, sertifikatlaşmış toxumlardan istifadənin üstünlükləri barədə danışılıb.

Əlaqəli Xəbərlər