“Səyyar Gənclər Xidməti” layihəsi ölkənin müxtəlif regionlarında gənclərə dövlətin təqdim etdiyi imkanları daha əlçatan etmək məqsədilə uğurla davam edir.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Gənclər Fondunun mətbuat xidmətindən bildirilib ki, layihə regionlar üzrə gənclərin ictimai fəallığını artırmaq, dövlət siyasətinə dair biliklərini dərinləşdirmək, həmçinin onların fərdi inkişafına dəstək göstərmək istiqamətində mühüm platforma rolunu oynayır.
“Suveren dövlət, vətənpərvər gənclik” devizi altında təşkil olunan layihənin növbəti dayanacağı oktyabrın 6-sı Balakən rayonu olub.
Bu deviz layihənin əsas ideyasını – gənclərin dövlət müstəqilliyinə sadiqlik, milli dəyərlərə bağlılıq və vətənpərvərlik ruhunda formalaşmasını əks etdirir.
Layihənin Balakəndəki açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Rəsmi hissədə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev çıxış edərək Səyyar Gənclər Xidmətinin region gənclərinə dövlətin yaratdığı imkanları yerindəcə tanıtmaq, onların sosial və şəxsi inkişafa dair biliklərini artırmaq üçün unikal fürsət təqdim etdiyini vurğulayıblar.
Səyyar Gənclər Xidməti çərçivəsində Balakən gənclərinin inkişafına yönəlmiş geniş proqram həyata keçirilib. Təşkil olunan maarifləndirici sessiyalarda gənclərə narkomaniya ilə mübarizə, sağlam həyat tərzinin təşviqi, müasir texnologiyaların rolu, innovativ düşüncə və rəqəmsal savadlılıq mövzularında təqdimatlar keçirilib. Eyni zamanda, “Karyera planlaması və peşə seçimi”, “Könüllülük fəaliyyəti”, “Süni intellekt dövründə yeni bacarıqlar” və “Motivasiya və liderlik” mövzularında interaktiv təlimlər təşkil edilib. Bu təlimlər gənclərin gələcək peşəyönümlü qərarlarına dəstək olmaqla yanaşı, onların sosial bacarıqlarının da inkişafına xidmət edib.
Bununla yanaşı, Vətən müharibəsi iştirakçıları ilə görüşlər gənclər tərəfindən xüsusi maraqla qarşılanıb. Gənclər qəhrəman döyüşçülərin xatirələrini dinləyərək Vətənə sədaqətin əsl nümunələri ilə tanış olublar.
“Vətənpərvər gənclik”, “Yaradıcı gənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera” və “Əyləncə” adlı tematik guşələrdə keçirilən intellektual oyunlar, viktorinalar, debat sessiyaları və master-klasslar gənclərin komanda işi, ünsiyyət, yaradıcılıq və analitik düşünmə bacarıqlarının təkmilləşdirilməsinə şərait yaradıb.
Günün sonunda fəallığı ilə seçilən bir qrup gəncə motivasiyaedici hədiyyələr təqdim olunub.
Səyyar Gənclər Xidməti oktyabrın 10-u Balakəndə işini yekunlaşdırcaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən və cari ilin avqustun 5-də yenidən start verilən “Səyyar Gənclər Xidməti” layihəsi bugünədək Cəbrayıl, Ağdam, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Qax və Zaqatala rayonlarında uğurla reallaşdırılıb.