“Türk Dövlətləri Təşkilatının (TDT) 2025-ci il 7 oktyabr tarixində, Qəbələdə keçirilən Zirvə Görüşü təşkilata üzv və müşahidəçi dövlətlər üçün bir sıra diplomatik imkanlar və strateji mesajlar daşıyır. Görüş, yalnız regional əməkdaşlıq baxımından deyil, eyni zamanda beynəlxalq münasibətlər konteksində də əhəmiyyətli bir hadisə kimi dəyərləndirilə bilər”. Bu fikirləri SİA-ya açıqlamasında Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev demişdir.
Onun sözlərinə görə, Qəbələnin ev sahibi şəhər kimi seçilməsi simvolik məna daşıyır: “Azərbaycan tarixində Qəbələ tarixi, mədəni və coğrafi baxımdan önəmli bir bölgədir və bu, təşkilatın mərkəzi simvolik məkanlarından biri kimi qəbul edilə bilər. Həmçinin, Azərbaycanın diplomatik rolu da bu Zirvə ilə ön plana çıxır. Bu Zirvə TDT-nin üzv dövlətləri arasında siyasi dialoqun intensivləşdirilməsi, mütəşəkkil diplomatik mövqenin formalaşdırılması, beynəlxalq təşkilatlar qarşısında vahid səslə çıxış etmə praktikasının gücləndirilməsi baxımından əhəmiyyətlidir. Xüsusilə Ermənistan-Azərbaycan münasibətləri, Cənubi Qafqazdakı Geosiyasi düzən və Orta Asiyada artan maraqlar fonunda üzv dövlətlərin vahid və çevik diplomatik strategiya hazırlaması aktuallaşır.
Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası kimi müşahidəçi statusunda olan ölkələrin iştirakı, təşkilatın transregional və multikultural diplomatik çərçivəyə doğru genişlənməsi baxımından da böyük əhəmiyyət daşıyır. Zirvədə xüsusilə, Şimali Kipr Türk Respublikasının iştirak etməsi TDT-nin daha geniş Türk kimliyinə yönəlməsi və mübahisəli dövlətlərin beynəlxalq tanınmasında yeni diplomatik yanaşmaların sınaqdan keçirilməsi anlamına gəlir. Qəbələdə keçirilən Zirvə görüşündə imzalanan sənədlər, birgə layihələr və bəyanatlar Türk dövlətləri arasında daha sıx əməkdaşlıq etməyə töhvə verəcəkdir. Həmçinin, bu cür görüşlərTürk dünyasnın öz daxilində daha çox siyasi, iqtisadi və strateji yaratma potensialını göstərmə fürsəti yaradacaqdır”.