“Toylarımız kreativ bir biznes sənayesinə çevrilib”


“Düşünürəm ki, bu, ictimai psixologiyamızda və düşüncəmizdə mövcud olan depressiv və mənəvi amillərlə bağlıdır. Bilirsiniz ki, Azərbaycan insanı uzun illər boyu müxtəlif imperiyaların işğalı altında yaşamağa məcbur olub. Nəticədə cəmiyyətin şüurunda bir növ çatışmazlıq sindromu formalaşıb”. Bu fikirləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.

Onun sözlərinə görə, təəssüf ki, bu barədə ölkəmizdə az danışılır, halbuki xarici ölkələrdə kulturoloqlar, filosoflar və tədqiqatçılar bu sahədə çoxlu araşdırmalar aparıblar. Bizim tarix elmi isə daha çox müsbət məqamları qabartmağa üstünlük verir və buna görə də bəzi ictimai problemlərin araşdırılmasına kifayət qədər diqqət ayrılmır: “İndinin özündə də bizdə populyar tarix və etnoqrafik araşdırmalar ön plandadır. Təəssüf ki, elmi əsərləri təsdiq edən qurumlar və nəşriyyatlar da bu istiqamətə lazımi maraq göstərmirlər. Eyni zamanda, bu sahədə rəy və ön söz yazan tədqiqatçılar da bu mövzuya toxunmaqdan çəkinirlər. Toy və yas mərasimlərinin təmtəraqlı keçirilməsi məhz bu ictimai və mənəvi boşluqlardan qaynaqlanır: “Biz bəzən başqalarına baxıb yaxşı nümunələr götürmək əvəzinə, mənasız adətləri təkrarlayırıq. Çalışırıq ki, toylarımızı kralların övladlarının toyları kimi edək. İmkan olsa, 40 gün, 40 gecə davam etdirərik. Yas mərasimlərində də eyni vəziyyətdir. Tanınmış tarixi şəxsiyyətlərin vəfatı zamanı uzunmüddətli yas anlaşılandır, çünki bu, dövlət və xalqın kədərini ifadə edir. Amma kasıb və orta təbəqənin 40 gün, hətta 1 il yas saxlaması, kredit götürüb ehsan verməsi nə iqtisadi, nə də məntiqi baxımdan doğru deyil. Bəzən insanlar diri olanda etmədikləri ehtiramı, sanki öləndən sonra göstərməyə çalışırlar”.

O, əlavə edib ki, toy mərasimlərinə xərclənən pullarla yeni evlənən cütlüklərə mənzil almaq, ya da ipoteka üçün ilkin vəsait təmin etmək mümkündür: “Amma indi toylarımız kreativ bir biznes sənayesinə çevrilib. Geyim, zinət əşyaları, süfrə bəzəyi, musiqiçilər, aparıcılar, fotoqraflar, jurnalistlər – bütün bunlar birlikdə böyük bir israfçılıq sahəsi yaradıb. Nəticədə, kredit götürüb bu mərasimləri keçirən insanlar cəmiyyətin iqtisadi yükünü artırır. Toyda da, yasda da əsas məqsəd başqalarına özünü göstərmək, “əlin oğlundan geri qalmamaq” olur”.

Aydın Xan Əbilov vurğulayıb ki, bu hal cəmiyyətin ictimai şüuruna mənfi təsir göstərir. Onun sözlərinə görə, artıq yeni nəsil nümayəndələri bu israfçılıqdan uzaq durmağa çalışır və daha sadə mərasimlərə üstünlük verir: “Cəmiyyətdə də israfçılığa qarşı müəyyən təşəbbüslər irəli sürülür. Amma əsas məqsəd toy və yasların gözəl ənənələrini qorumaqla, onları iqtisadi və məntiqli çərçivədə keçirmək olmalıdır”.

Əlaqəli Xəbərlər