“Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən zirvə toplantısı bir daha göstərir ki, artıq Türk Dövlətləri Təşkilatı dünyada nüfuzlu və qəbul edilən bir quruma çevrilib. Bu isə böyük əhəmiyyət kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.
Politoloqun sözlərinə görə, bu hadisə onu sübut edir ki, Azərbaycan artıq təkcə regional deyil, həm də qlobal siyasətdə rol oynaya biləcək bir dövlət kimi qəbul olunur: “Diplomatik masalarda və beynəlxalq proseslərdə Azərbaycanın aktiv iştirakı, regionda baş verən hadisələrdə təşəbbüskar mövqe tutması ölkəmizin nüfuzunu daha da artırır.
Türk Dövlətləri Təşkilatının Azərbaycanda – məhz Qəbələdə keçirilən zirvə toplantısı göstərir ki, regionda gedən proseslər birbaşa Azərbaycan üzərindən istiqamət alır. Bu isə ölkəmizin regionda əsas aktorlardan biri kimi qəbul edilməsinin bariz göstəricisidir. Azərbaycanın üzərindən keçən böyük logistik xab ölkəmizin strateji əhəmiyyətini daha da gücləndirir. Zirvə toplantısında həm üzv, həm də müşahidəçi dövlətlərin iştirakı bu platformanın beynəlxalq səviyyədə önəmini bir daha təsdiqləyir. Bu dövlətlərin əsas strateji hədəfi regionda təhlükəsizliyin təmin olunmasıdır. Dünyada gedən geosiyasi prosesləri nəzərə alsaq, regionda sabitliyin kifayət qədər kövrək olduğu görünür. Türkiyə, İran, Rusiya, Qafqaz ölkələri, xüsusilə Rusiya–Ukrayna müharibəsi, Türkiyədə aparılan antiterror əməliyyatları, Yaxın Şərqdəki qarşıdurmalar və Qərblə münasibətlərin gərginləşməsi kimi amillər regionda təhlükəsizlik məsələlərini daha da aktuallaşdırır.
Digər tərəfdən, Asiya dövlətlərində – Qazaxıstan, Qırğızıstan və Türkmənistanda – Çin təsirinin artması və bu təsirin iqtisadi-siyasi müstəvidə genişlənməsi Türk dövlətləri üçün həm imkan, həm də potensial təhlükə yaradır. Buna görə də təhlükəsizlik məsələlərinin zirvə toplantısında əsas prioritetlərdən biri olması tamamilə təbiidir. Zəngəzur dəhlizinin açılması, Azərbaycanın Qarabağ müharibəsindən sonra regiondakı mövqeyi, Çin–Avropa arasında logistika marşrutlarının əhəmiyyəti Türk dövlətləri arasında əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də mədəni, tarixi və dil birliyinə əsaslanır. Gələcəkdə bu inteqrasiyanın həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində dərinləşməsi vacibdir. Müharibə və qarşıdurma hallarında ilk zərbə hər zaman logistik infrastruktura dəyir. Bu isə onu göstərir ki, logistikaya nəzarət edən dövlətlər iqtisadi və siyasi baxımdan daha böyük gücə malik olurlar. Nəticə etibarilə, Qəbələdə keçirilən bu zirvə toplantısı Türk Dövlətləri Təşkilatının fəaliyyətində mühüm mərhələ hesab olunur. Burada həm üzv, həm də müşahidəçi dövlətlər ortaq mövqelərini bildirəcək, yeni qərarlar qəbul ediləcək və gələcək addımlar üçün konkret yol xəritəsi müəyyən olunacaq.
Qeyd etmək lazımdır ki, artıq Qərb ölkələri, o cümlədən ABŞ siyasətçiləri, Türk dünyasının beynəlxalq arenada artan rolunu etiraf edirlər. Məsələn, Donald Trampın da qeyd etdiyi kimi, Türk dövlətlərinin bugünkü əhəmiyyəti danılmazdır və onların irəliləməsi Qərb tərəfindən də normal qarşılanır, təqdir olunur. Bu baxımdan, Türk Dövlətləri Təşkilatı bu gün regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunmasında mühüm bir güc mərkəzi kimi çıxış edir”.