Son illərdə yas mərasimlərinin keçirilmə forması xeyli dəyişib. Əvvəllər sadəlik, təvazökarlıq və mərhumun xatirəsinə hörmət üzərində qurulan bu mərasimlər indi bəzən tam fərqli mənzərə yaradır. Bəzi hallarda yas yerlərində dəbdəbəli süfrələr açılır, bahalı menyular təqdim olunur. Bəzi məkanlar isə yas təşkil edənlərə məcburi şəkildə müəyyən xidmət paketləri və menyular təklif edirlər. Bu isə cəmiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olur: görəsən, bu cür yanaşma bizim ənənələrimizə, yasın mahiyyətinə və dini baxımdan məqsədinə nə dərəcədə uyğundur? Maraqlıdır, insanlar bu halı necə qarşılayır? SİA bu mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu aparıb.
Şəhər sakini Zərqəlan Cavadova: “Yas mərasimi sadə şəkildə keçirilməlidir. Bizim tərəflərdə indi mərasimlər daha sadə olur, əvvəllər isə çox təmtəraqlı keçirilirdi. İndi süfrədə əsasən qoğal, xurma və halva olur, yemək olaraq isə pilov verilir. Amma əvvəllər vəziyyət tamam fərqli idi — 3-4 cür yeməklər, meyvələr təqdim edilirdi. İndi yaxşı ki, bu adət bir qədər azalıb. Hazırda qaldığım Mehdabadda yas mərasimləri üçün xüsusi yerlər var. Molla gəlir, dua oxuyur və gedir. Artıq mərasimlərdə ağlamaq da əvvəlki kimi deyil. Amma bəzi yerlərdə mollalar xarici maşınla gəlir, bir dua oxuyub 100 manat alıb gedirlər. Mən yasın sadə keçirilməsinin tərəfdarıyam. Çünki birinin imkanı var, o təmtəraqlı keçirir, digəri məcbur qalıb onu təkrarlayır ki, qınaq obyektinə çevrilməsin. Rəhmətə gedənin başdaşı, məkan və digər məsələlər onsuz da ailə üçün maddi yük yaradır”.
Şəhər sakini Teyfə Xudayarova: “Yas mərasimi sadə olmalıdır. Kimin imkanı varsa, o daha təmtəraqlı keçirir, amma imkanı olmayanlar utanır ki, “digəri belə etdi, mən edə bilmirəm”. Halbuki yasda əsas olan süfrənin bolluğu deyil. Bir çay, qoğal, limon, xurma, pendir kifayətdir. Yasda sadəlik həm mənəvi, həm də dini baxımdan daha uyğundur.”
Şəhər sakini Namizəd Əliyev: “Yasda ümumiyyətlə yemək olmamalıdır. İnsanlar yasa yemək üçün gəlməməlidir. Sadəcə çay, xurma və konfet kifayətdir. Bəzi ailələr maddi vəziyyətləri zəif olsa da, heyvan kəsirlər, bu isə əlavə xərcdir. Məncə, yas mərasimi sadə başsağlığı ilə kifayətlənməlidir, təmtəraqlı yeməklərə ehtiyac yoxdur.”
Şəhər sakini İlyas Abbasov: “Bu, həqiqətən çətin və düşündürücü bir məsələdir. Əvvəllər insanlar yas mərasimlərində bir-birinə mənəvi və maddi dəstək olmaq üçün iştirak edirdilər. Amma indi bəzi yerlərdə elə bil şənlik keçirilir — süfrələr, bəzək-düzək… İnsanlar unudurlar ki, yasın məqsədi mərhumun ailəsinə mənəvi dayaq olmaqdır. Təəssüf ki, indi yasda şəxsi söhbətlər, müzakirələr daha çox olur. Məncə, bu cür təmtərağın qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir. Yas mərasimi bəzək-düzəklə yox, mənəvi dəstək və sadəliklə yadda qalmalıdır.”
Şəhər sakini Nisə Qafarova: “Düzünü desəm, yas mərasimində şəxsən iştirak etməmişəm, amma gördüyüm qədərilə bu cür tədbirlərin təntənəli şəkildə keçirilməsi düzgün deyil. İnsan dünyasını dəyişibsə, onun üçün təmtəraqlı süfrələr açmaq, bahalı məkanlarda mərasim keçirmək yersizdir. Həyatdaykən insanın yaxşı günlərini qeyd etmək daha doğrudur. Üstəlik, yas məkanlarının qiymətləri də çox bahadır, bu da maddi imkanı az olan ailələr üçün əlavə çətinlik yaradır”.
Şəhər sakini Şaiq Hüseynəliyev: “Yas mərasiminin toy səviyyəsində keçirilməsinin əleyhinəyəm. Düşünürəm ki, süfrədə sadəcə halva, salat, limonlu çay və şirniyyat olmalıdır. Biz yalnız uzaqdan gələnlər üçün ayrıca yemək hazırlayırıq, başqa heç nə.”
Şəhər sakini Təranə Abdullayeva: “Bu, çox aktual bir məsələdir. İslam dünyasının əksər ölkələrində yas sadəcə dini mərasim formasında keçirilir — mərhum üçün dualar oxunur, halva paylanır və insanlar başsağlığı verib gedirlər. Amma Azərbaycanda vəziyyət fərqlidir: bəzən yas, demək olar ki, toy səviyyəsində olur. Ailə qınaq obyektinə çevrilməmək üçün borca düşür, xərcə girir. Halbuki bunun heç bir mənası yoxdur. Yas mərasimi təmtəraqla deyil, sadəlik və hörmətlə keçirilməlidir”.