“Bu, Azərbaycanın türk dünyasının mədəni və elmi birliyinin formalaşmasındakı tarixi rolunun xatırlanmasıdır”


“7 oktyabr 2025-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü, türk dünyasının geopolitik transformasiyasında yeni mərhələnin başlanğıcını simvolizə etdi. Prezident İlham Əliyevin bu görüşdəki çıxışı təkcə Azərbaycanın regional liderlik iddialarını deyil, eyni zamanda TDT-nin qlobal arenada artan rolunu və təşkilatın gələcək prioritetlərini əks etdirdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin vurğuladığı əsas tezislərdən biri TDT-nin artıq sadəcə əməkdaşlıq platforması olmayıb, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşmasıdır. Bu ifadə təşkilatın keçdiyi əhəmiyyətli təkamülü əks etdirir. Zirvə görüşlərinin iki formatda – rəsmi və qeyri-rəsmi – keçirilməsinin ənənəyə çevrilməsi, türk diplomatiyasının çevikliyini və effektivliyini artıran mühüm yenilikdir. 2024-cü ildə Şuşada keçirilən ilk qeyri-rəsmi zirvə və 2025-ci ildə Budapeştdəki görüş mühüm qərarlarla yadda qalmışdır. Bu format dövlət başçılarına daha sərbəst fikir mübadiləsi aparmağa və strateji məsələləri daha açıq müzakirə etməyə imkan yaradır.

Prezident Əliyevin “Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil” kəskin ifadəsi müasir geopolitik reallığın dəqiq təsvirini verir. Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsədlər arasında yer alsa da, hazırkı qlobal çağırışlar fonunda bu məsələlər yeni aktuallıq qazanıb. Azərbaycanın 2026-cı ildə TDT üzvü ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifi təşkilat daxilində müdafiə sahəsində əməkdaşlığın yeni səviyyəyə qaldırılması cəhdidir. Yalnız 2024-2025-ci illərdə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilib. Prezident çıxışında Azərbaycanın 30 illik işğala son qoyması və 2025-ci ilin avqustunda Vaşinqtonda Ermənistanla sülh sazişinin paraflanmasına geniş yer ayırıb. ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması (sentyabr 2025) “keçmiş münaqişənin qalıqlarının” aradan qaldırılması reallaşıb. Prezident Əliyev Azərbaycanın “Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu” oynamasını vurğulayıb. Statistik göstəricilər bu rolun əhəmiyyətini təsdiqləyir. Ələt Beynəlxalq Ticarət Limanı (yaxın illərdə gücü ildə 25 milyon ton), Xəzərin ən böyük ticarət donanması, 9 beynəlxalq hava limanı bu artımı daha da gücləndirəcəkdir.

Yeni Nəqliyyat Arteriyası Vaşinqton Zirvəsinin “digər mühüm nəticələrindən biri” olan Zəngəzur dəhlizinin açılması həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi üçün “yeni nəqliyyat arteriyası və ikinci marşrut” kimi təqdim edilib. Bu, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə ərazisi arasında birbaşa əlaqənin bərpası ilə yanaşı, regional bağlantıların genişlənməsinə xidmət edəcək. Cənab Prezident Əliyevin 2026-cı ildə birinci Türkoloji Qurultayın 100 illik yubileyinin “TDT çərçivəsində təntənəli şəkildə təşkil olunması” təklifi simvolik əhəmiyyət daşıyır. Bu, Azərbaycanın türk dünyasının mədəni və elmi birliyinin formalaşmasındakı tarixi rolunun xatırlanmasıdır”.

Əlaqəli Xəbərlər