“Ümumiyyətlə təhsil sisteminin əsasını təkcə oxumaq, təhsil almaq deyil, həmçinin də bir şəxsiyyət kimi yetişdirmək təşkil edir. Əgər biz şəxsiyyət yetişdiririksə, əlbəttə ki, mütləq şəkildə burada mənəvi xüsusiyyətlər, həm təhsillə bağlı olan məsələlər, həm yeri gələndə dövlətçilik, milli mənəvi dəyərlərimiz qorunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, təhsillə ancaq dərs oxudum, qiymət aldım kimi baxmamalıyıq, kiminləsə rəqabət etmək kimi baxmamalıyıq: “Həmçinin də özümüzü yetişdirib, cəmiyyət üçün faydalı bir fərd kimi cəmiyyətə yararlı olmalıyıq. Bəzi insanlar təəssüflər olsun ki, elə bir mühitdə böyüyürlər ki, ancaq təhsil alım, gələcəkdə pul qazanım, ailəmi saxlayım, yəni bu cür düşüncə ilə tələbəlik həyatına atılırlar. Amma əlbəttə ki, burada hamı şəxsiyyət kimi yetişə bilmir. Hər birimiz bunun üzərində işləsək və düşünsək ki, biz universitetə niyə gedirik və universitetdə əsas rolumuz nədən ibarətdir və universitetdə oxuyaraq biz hansı pillələr keçirik deyə düşünməliyik. Əlbəttə ki, biz onu anlamış olmalıyıq ki, təhsil təkcə oxumaq, qiymət almaq deyil, həm də şəxsiyyət kimi yetişməkdir. Burada təhsil ocaqlarının da üzərinə böyük bir iş düşür. Universitet həm də tələbənin şəxsi inkişafına töhfə verən bir mühit olmalıdır. Bu, müxtəlif sosial və mədəni tədbirlərdə iştirak etməklə, müxtəlif insanlarla tanış olmaqla, liderlik bacarıqlarını inkişaf etdirməklə mümkündür. Tələbə, yalnız akademik fənlərdə uğurlu olmaqla yanaşı, öz şəxsiyyətini formalaşdırmalı, öz maraqlarını tapmalı və bu maraqları inkişaf etdirmək üçün imkanlar yaratmalıdır. Fərd olaraq yetişmək, həyatda qarşılaşacaqları müxtəlif çətinliklərə daha yaxşı uyğunlaşmağa, daha güclü və özünə inamlı bir insan olmağa kömək edər. Həmçinin, bu cür inkişaf tələbəyə yalnız öz sahəsində deyil, cəmiyyətin müxtəlif sahələrində də daha geniş imkanlar və uğurlar gətirə bilər”.