Milli adət-ənənələrimiz nə üçün UNUDULUR?


Azərbaycanın zəngin adət-ənənələri əsrlər boyu xalqımızın mədəni kimliyini formalaşdırıb və nəsildən-nəslə ötürülüb. Lakin müasir qloballaşma və urbanizasiya prosesi bəzi milli dəyərlərimizin unudulmasına səbəb olur. Gənclər arasında milli bayramlar, ailə dəyərləri və xalq oyunları əvvəlki kimi geniş yayılmır, bəzi ənənələr isə zamanla arxa plana keçir. Bu prosesin qarşısını almaq və milli irsimizi qoruyub saxlamaq üçün onların yenidən canlandırılması və təbliği vacibdir. Bəs vətəndaşlar bu barədə nə düşünür? Bununla bağlı SİA vətəndaşlar arasında sorğu keçirib.

Şəhər sakini Əzizə Əliağayeva: “Hər hansı bir adət-ənənənin, bayramın yaxud da milli dəyərlərin yayılması üçün təbliğat xarakterli işlər aparılmaldır. Həmçinin o bayram adət-ənənləri biz əqidəcə çox möhkəm yaşamalıyıq. Halbuki bizim indiki dövrdə populyar mədəniyyətin inkişafına uyğun olaraq gənclər adət-ənənələrdən ayrılır. Belə deyə bilərik ki, biz 1990-cı illərin klassik hekayələrini oxuyan zaman onların təsiri çox gözəldir. 1990-cı illərlə 2020-ci illər arasında il cəhətdən çoxda fərq yoxdur. Amma ki, dəyişiklik cəhətdən fərq yoxdur. İndi bu dəqiqə sosial şəbəkələrdə milli dəyərlərimizdən fərqli olaraq Avropanın təsirləri gəncləri uzaqlaşdırır. Bizim lap əvvəllərdən milli dəyərlərimizin yaşadığımız ailə problemləri olsun, ailə funksiyaları olsun və s. onların hamısını indiki gənclər avropa ideologiyaları ilə danışmağa başlayır”.

Şəhər sakini Nailə Sultanova: “İndiki zamanda ənənələr bir yana qalsın, ümumiyyətlə insanlar çox dəyişib. Birdə ki, hal-hazırdaki vəziyyət isə gənclər çox dəyişib. Mənim fikrimcə bunların səbəbləri gənclərə düzgün verilməyən tərbiyələrdir. Onun üçün də ənənəvi milli dəyərlərimizdə gedir, arada olan hörmətlərdə gedir. Ortada heç bir şey qalmıyıb. Hal-hazırda isə bayramlar kim necə istəyir elədə keçirilir”.

Şəhər sakini Həsən Məlikov: “Milli adət-ənənələrdən daha maraqlı fəaliyyətlər var. İndiki gənclərin hamısı demək olar ki, telefon və sosial şəbəkələrlə başlarını qarışdırırlar. Yəni onlarla məşğul olmaq daha maraqlıdır, nəinki ki milli adət-ənənələri keçirmək. Mən Novruzun bütün milli bayramlarını bilirəm. Özümdə Şirvandanam. Bayramda da Şirvana gedəcəm, ailəmlə bir yerdə bayramı qeyd edəcəm. Bayram adətlərinə gəldikdə isə təbiiki tanıyıram. Novruzun əsas adətləri olan tonqaldan atlamaqdı, yumurta boyamaq və s. adətləri vardır”.

Şəhər sakini Oqtay Vəliyev: “Mən sözün düzü gənclərin milli adət-ənənələr haqqında başqa cür düşüncələrini görməmişəm. O barədə bir fikir yürüdə bilmərəm. Ancaq qaldı ki, lap qədimdə olan adətlərdən təbii ki, indi adətlərimiz fərqlidir. Regionlarda olan ənənələr biraz daha sadələşib. Adi biz uşaq vaxtı olan zaman qapıya papaq atmağa gedirdik. Bu Novruz bayramının adətidir. Amma indi belə şeyə rast gəlinmir. Bunun əsas səbəbi kimi mən maddi vəziyyəti nümunə gətirə bilərəm. Çünki hər kəsin evində bilmək olmur axı, Novruz bayramını qeyd etmək üçün imkan var ya yox. Belə qalan isə hər şey öz qaydasındadır. Sadəcə əvvəlki Novruz abu-havası yoxdur”.

Şəhər sakini Aytən Əliyeva: “Milli adətlərin unudulmasında qlobalizasiya prosesləri baş verir. Bunun nəticəsi olaraq isə biz digər mədəniyyətləri mənimsəyirik. Yeni nəslin gəncləri isə adətlərə qismən olsa da üstünlük verdiyinin şahidi oluruq. Bu gün isə yaşlı nəslin adətlərə sadiq qalması haqqında düşünmüşəm. Mən özüm də orta yaşlı bir insanam. Lakin Novruz bayramının elə adətləri vardır ki, onu yeni öyrənirəm. Yəni biz qədim zamandan nəyisə itirə-itirə gəlirik. Çünki bunun səbəbi odur ki, əgər biz nənə-babamızdan hansısa adəti öyrənirik və həmin adət bizə tam versiyada çatdırılmır. Zamanla təbii ki, bu özünü göstərir. Adətləri artıq müxtəlif cür formalarda icra olunmağa başlayır”.

Şəhər sakini İsvahan Əhmədov: “Novruz bayramı qədim zamanlardan bu günə qədər bir çox adət-ənənələri ilə yadda qalıb. Lakin zaman keçdikcə bəzi adətlər unudulub və ya dəyişikliklərə məruz qalıb. Məsələn, “Qulaq falı” adəti indi geniş yayılmasa da, bir vaxtlar çox məşhur idi. İnsanlar axşam vaxtı qonşuların qapısına qulaq verər, eşitdikləri ilk sözə əsasən gələcəkləri barədə yozum edərdilər. Başqa bir unudulmuş adət “Süsən-sünbül” bayramıdır. Bu, Novruzdan əvvəl qeyd olunan bir gün idi və əsasən uşaqlar üçün nəzərdə tutulurdu. Onlar qapı-qapı gəzib pay toplayar, müxtəlif oyunlar oynayardılar. Lakin indi bu adətlərin demək olar ki, heç birinə rast gəlmək mümkün deyil”.

Şəhər sakini İlham Abbasov: “Əvvəllər Novruz bayramı daha geniş şəkildə, xüsusi mərasimlərlə qeyd olunurdu. İnsanlar bayrama aylar öncədən hazırlaşar, hər evdə böyük şənliklər qurulardı. Qonşuluqda hər kəs bir-birinə pay aparar, küsülülər barışardı. Novruz axşamları süfrə başında böyüklər nağıllar danışar, qədim inanclarla bağlı söhbətlər edilərdi. Bayram günü təkcə ailə daxilində yox, bütün kənd və şəhər camaatı bir yerə yığılaraq müxtəlif oyunlar, yarışlar keçirərdi. İndi bəzi ənənələr unudulub, Novruz əsasən ailə daxilində qeyd edilir, əvvəlki qədər kütləvi şənliklər isə azalıb”.

Əlaqəli Xəbərlər