“Ermənistan ağlını başına yığıb normal münasibət yaratmalıdır”


“Ermənistan müstəqil dövlət deyil. O əvvəllər Rusiyanın, indi isə Amerikanın alətidir. Ermənistan həmin ölkələrdən gələn diqtələri həyata keçirir. Həmçinin onların istəkləri Nikol Paşinyanın istəkləri ilə üst-üstə düşür. Həmin ölkələr bölgədə sülh və sabitlik olmağını istəmirlər. Böyük dövlətlər, Nikol Paşinyan da xalqının hökümətə sığınmağını, Serj Sarkisyan və Robert Köçaryan cütlüyündən uzaqlaşmasını istəyirlər. Ancaq Ermənistan və onun arxasında duran dövlətlər bilir ki, “Dəmir Yumruq” yerindədir. Azərbaycan ordusunu 2020-ci il 44 günlük Vətən müharibəsindən və 2023-cü il antiterror əməliyyatlarından sonrakı vəziyyəti müqayisə edəndə görürük ki, o dövrün ordusundan da xeyli yaxşı ordudurlar”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, ordunun maddi texniki bazası güclənib, döyüş ruhu və əzmi artıb, yeni silahlar əldə edib, yeni komandalar yaradılıb: “Ermənistan bu barədə düşünməlidir, ağlını başına yığıb Azərbaycanla normal münasibət yaratmalıdır. Azərbaycanın bütün şərtlərini qəbul edib sülh imzalamalıdır. Əks-halda Ermənistan 1918-ci ildə olan sərhədlərə qayıdacaq. Əvvəl 9 000 km², daha sonra isə mövcudluğu sual altında olacaq. Ermənilər 1828-ci il Türkmənçay müqaviləsindən sonra bölgəyə gələndən işğal, soyqırım və terrordan 100 ildir ki, Azərbaycan xalqı əziyyət çəkir. Bu sonsuza qədər belə davam edə bilməz. Ermənistan fikirləşməlidir. O dövrdə ona görə işğalçı siyasət yeridə bilirdi ki, Azərbaycan dövləti yox idi, Azərbaycan rəhbərliyi, ordusu yox idi, indi isə vəziyyət dəyişib. Azərbaycan müstəqil dövlətdir və müstəqilliyi də sonsuza qədər davam edəcək. Ermənistan fikirləşməsin ki, nə zamansa şərait yaranacaq. Onlar hər zaman tarixi fürsətlərdən istifadə edib. Birinci Dünya müharibəsinin sonunda Ermənistan dövlətinin yaradılması, İkinci Dünya müharibəsinin sonunda 1948-1953-cü illərdə Azərbaycanlıların deportasiya edilməsi, SSRİ zamanında Göyçə və Zəngəzurun işğal edilməsi, SSRİ dağılan ərəfədə Qarabağın işğal edilməsini nümunə göstərə bilərik. O zamanlar Azərbaycan dövləti olmayıb. Azərbaycanın isə müstəqilliyi sonsuza qədər olacaq və onun güclü ordusu daimi olacaq”.

Əlaqəli Xəbərlər