IMF 2025-ci ildə Azərbaycanda iqtisadi artım proqnozunu açıqlayıb


Beynəlxalq Valyuta Fondu (IMF) 2025-ci ildə Azərbaycanda iqtisadi artımın 3,5 %-ə qədər yavaşlayacağını gözləyir. Bu barədə SİA fondun məlumatlarına istinadən xəbər verir.

“İnvestisiyaların təsiri tədricən zəifləyir, karbohidrogen hasilatı məhdud olaraq qalır, istehsal həcmindəki fərq isə 2026-cı ilə qədər aradan qaldırılacaq. Ortamüddətli perspektivdə iqtisadi artımın illik 2,5 % təşkil edəcəyi gözlənilir”, – IMF qeyd edib.

Proqnozlara görə, 2026-cı ildə ölkədə ÜDM 2,5 %, 2027 və 2028-ci illərdə hər il 2,4 %, 2029-cu ildə isə 2,5 % artacaq. Beləliklə, IMF 2025-2029-cu illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımını 2,66 % səviyyəsində qiymətləndirir.

Hesabatda həmçinin qeyd olunub ki, ölkənin xarici iqtisadi mövqeyi karbohidrogen hasilatının azalması və qiymətlərinin ucuzlaşması, eləcə də qeyri-karbohidrogen ixracının zəif dinamikası səbəbindən ticarət profisitlərinin azalması nəticəsində ortamüddətli perspektivdə zəifləyə bilər. Fondun iqtisadçıları hesab edirlər ki, buna baxmayaraq, Azərbaycanın valyuta ehtiyatlarının yüksək səviyyədə qalacağı proqnozlaşdırılır.

İnflyasiya dinamikasına gəlincə, IMF-in proqnozlarına görə, 2025-2026-cı illərdə inflyasiya Azərbaycan Mərkəzi Bankının hədəf diapazonunda (4±2 %) qalacaq. Fond həmçinin istehlak qiymətlərinin artım tempinin yavaşlayacağını gözləyir və qlobal ərzaq və enerji qiymətlərinin nisbi sabitliyi, eləcə də fiskal siyasətin inflyasiyanın hədəf intervalında qalmasına imkan verəcəyini ehtimal edir.

İqtisadiyyat Nazirliyinin proqnozuna görə, 2025-ci ildə ÜDM-in artımı 3,5 % səviyyəsində gözlənilir, Mərkəzi Bank isə 3,3 % səviyyəsində qiymətləndirir. 2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 % artıb, lakin 2025-ci ilin yanvar-fevral aylarında artım tempi 0,2 %-ə qədər yavaşlayıb.

İqtisadiyyat Nazirliyinin qiymətləndirməsinə görə, ölkədə orta illik inflyasiya 2025-ci ildə 4,6 % təşkil edəcək, 2026-cı ildə isə 4 %-ə qədər azalacaq. Azərbaycan Mərkəzi Bankı cari ilin yanvarında 2025-ci ildə inflyasiyanı 5,5 %, 2026-cı ildə isə 3,8 % səviyyəsində proqnozlaşdırıb. Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 2,2 % təşkil edib, 2025-ci ilin yanvar-fevral aylarında isə 5,4 %-ə qədər artıb.

Əlaqəli Xəbərlər