Ruanda hökuməti martın 17-də Belçika ilə diplomatik əlaqələri kəsib və bütün belçikalı diplomatların 48 saat ərzində ölkəni tərk etməsini tələb edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ruanda Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Qeyd olunur ki, bu qərar Belçikanın yeni müstəmləkəçilik xülyalarını qorumaq cəhdləri və Ruandanı zəiflətmək siyasətini davam etdirməsi ilə bağlı aparılmış dərin təhlildən sonra qəbul edilib. İki ölkə arasındakı münasibətlər həm Konqo Demokratik Respublikası ilə davam edən münaqişədən əvvəl, həm də münaqişə zamanı gərginləşib.
Belçika hökuməti Ruandanın diplomatik əlaqələri kəsmək qərarını “proporsional olmayan addım” adlandıraraq təəssüf hissi keçirdiyini bildirib. Bundan əlavə, Belçika hökuməti ölkədəki ruandalı diplomatları “arzuolunmaz şəxs” elan edəcəyini açıqlayıb.
Qeyd edək ki, daha əvvəl Konqo Demokratik Respublikası Ruandanı ölkədəki üsyançı “M23” qrupunu dəstəkləməkdə ittiham etmiş, Belçika isə bu ittihamları dəstəkləmişdi.