Dünyanın ilk maye hidrogen ixracı dəhlizi yaradılır


Oman, Niderland və Almaniya arasında maye hidrogen nəqli üzrə dünyada ilk ticarət dəhlizi yaradılır. SİA xəbər verir ki, Oman Sultanı Heysəm bin Tariqin Niderlanda dövlət səfəri zamanı tərəflər arasında bununla əlaqədar 3 saziş imzalanıb.

Sazişlər maye hidrogen istehsalı, hidrogenin və karbon dioksidin boru kəməri ilə nəqli üçün infrastrukturun inkişafı və Niderlandın Royal Vopak şirkəti ilə tərəfdaşlıq barədədir.

Eyni zamanda, Oman Yaşıl Hidrogen Strategiyasının həyata keçirilməsi üzrə milli əlaqələndirici qismində çıxış edən “Hydrom” şirkəti istehsalın milli planlarla uyğunlaşdırılması, layihənin infrastruktur və sektorun ümumi strategiyası ilə inteqrasiyasının təmin edilməsinə cavabdeh olacaq.

Bundan başqa, maye hidrogen zavodu və onunla əlaqəli qurğuların, o cümlədən saxlama və ixrac infrastrukturunun inkişafı planlaşdırılır. Yaşıl hidrogen layihələrinin Duqm bölgəsində sürətlə inkişaf etməsi isə bu dəhlizin hazır vəziyyətə gətirilməsinə və milli hədəflərin reallaşdırılmasına töhfə verəcək. Bu da xüsusi iqtisadi zonanın təqdim etdiyi inteqrasiya olunmuş infrastruktur və limanın strateji mövqeyindən faydalanmağa imkan verəcək.

Birgə inkişaf sazişi çərçivəsində bu dəhliz üzrə dənizdə daşıma işləri qabaqcıl texnologiyalarla təchiz olunmuş ixtisaslaşdırılmış gəmilər vasitəsilə həyata keçiriləcək. Amsterdam limanında isə, maye hidrogeni qaz halına çevirən stansiyalar yaradılacaq. Daha sonra Niderland və Almaniyadakı sənaye sahələri qaz boru kəmərləri, dəmir yolları və su nəqliyyat yolları vasitəsilə hidrogenlə təmin ediləcək.

Omanın enerji və minerallar naziri, eyni zamanda “Hydrom” şirkətinin İdarə Heyətinin sədri Salim bin Nasir əl-Aufi bu əməkdaşlığı

“Oman Sultanlığının yaşıl hidrogenə əsaslanan iqtisadiyyat quruculuğunda strateji addım” adlandırıb.

Nazir bu müqavilənin əhəmiyyətinin yalnız yaşıl hidrogenin Omandan Avropaya ixracı üçün dəhliz yaradılması ilə məhdudlaşmadığını, həmçinin Omanın yaşıl hidrogen üzrə iddialı strategiyasını inamla həyata keçirdiyini bir daha təsdiqlədiyini vurğulayıb. Qeyd edib ki, bu layihədə iştirak edən üç ölkədən 11 şirkət bütün dəyər zəncirini – istehsal, mayeləşdirmə, daşıma, saxlama və yenidən qaz halına çevirmə proseslərini – əhatə edir.

Öz növbəsində, Niderlandın iqlim və yaşıl inkişaf naziri Sofi Hermans bildirib ki, bu sazişlər təmiz enerji sahəsində ölkəsi ilə Oman Sultanlığı arasında əməkdaşlığın mühüm mərhələsidir. Layihə Omanın yaşıl hidrogeninin Avropa bazarlarına tədarükünü təmin edəcək və enerji mənbələrinin şaxələndirilməsi və təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək. Niderlandlı nazir diqqətə çatdırıb ki, Omanın əl-Vusta və Zofar regionlarında yaşıl hidrogen layihələrini həyata keçirməyə başlamaq üçün 22 beynəlxalq şirkəti özündə birləşdirən konsorsiumla müqavilələr imzalanıb.

Əlaqəli Xəbərlər