“Azərbaycanda enerji keçidi, xüsusilə yaşıl enerji keçidi, ölkənin bərpa olunan enerji potensialı ilə sıx əlaqəlidir. Məlumdur ki, Azərbaycanın bir çox regionlarında günəşli günlərin sayı kifayət qədər yüksəkdir və bu, günəş enerjisindən səmərəli istifadə üçün əlverişli şərait yaradır. Eyni zamanda Abşeron yarımadası da daxil olmaqla ölkənin müxtəlif ərazilərində külək enerjisinin inkişafı üçün əlverişli təbii şərait – yüksək külək intensivliyi və stabilliyi mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai şuranın sədri Amin Məmmədov deyib.
Onun sözlərinə görə, bu amillər Azərbaycanın bərpa olunan enerji mənbələrinə üstünlük verməsinə geniş imkanlar yaradır: “Bununla yanaşı, enerji keçidi ölkənin iqlim dəyişikliyi ilə mübarizə sahəsində beynəlxalq öhdəliklərinin – xüsusilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası çərçivəsində götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hökuməti gələcək üçün bu istiqamətdə konkret strategiya müəyyən etmiş və ölkə daxilində istehsal olunan elektrik enerjisinin əhəmiyyətli bir hissəsinin bərpa olunan enerji mənbələri hesabına təmin olunması hədəfini qarşıya qoymuşdur.
Bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi və yaşıl enerjinin istehsalı ilə yanaşı, onun qonşu ölkələrə, eyni zamanda Avropa bazarına ixracı da Azərbaycanın enerji strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. Bu məqsədlə artıq bir sıra alıcı ölkələrlə, xüsusilə Şərqi Avropa dövlətləri ilə əməkdaşlıq imkanları müəyyən edilmişdir”.
Amin Məmmədov deyir ki, neft və qaz kimi qeyri-bərpa olunan təbii resursların tükənməkdə olduğu şəraitdə, Azərbaycanın iqtisadi sabitliyini və uzunmüddətli dayanıqlığını təmin etmək üçün yaşıl enerji keçidi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, yaşıl enerjinin inkişafı ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə, enerji təchizatının diversifikasiyasına və iqtisadiyyatın dayanıqlı inkişafına mühüm töhfə verəcəkdir.
Beləliklə, bərpa olunan enerji sektorunun genişləndirilməsi Azərbaycan üçün strateji hədəf olmaqla, həm ekoloji, həm də iqtisadi baxımdan əhəmiyyətli nəticələr vəd edir”- deyə o əlavə edib.