Liviyanın şimal-qərbində yerləşən əz-Zaviyə şəhərinin cənubundakı neft kəmərlərindən birində sızma baş verib. SİA xəbər verir ki, bu barədə Liviyanın Milli Neft Korporasiyası (“National Oil Corporation” NOC) feysbukdakı səhifəsində məlumat yayıb. “NOC-un texniki xidmət və qəza-xilasetmə komandası əz-Zaviyə şəhərinin cənubunda boru kəmərində baş vermiş neft sızmasının aradan qaldırılması üçün işlərini davam etdirir”, – mətndə vurğulanır.
Qeyd olunur ki, Əl-Həmədə yatağından neftin bu kəmərlə nəqli dərhal dayandırılıb. Mütəxəssislər qrupu sızmanın səbəblərini müəyyənləşdirir, dağılmış neftin çıxarılması və ətraf mühitin mümkün çirklənməsinin aradan qaldırılması üçün tədbirlər görür.