Dövlət Sərhəd Xidməti Akademiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi konfrans təşkil edilib. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə akademiyanın rəhbər heyəti, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, professor-müəllim heyəti və kursantlar iştirak ediblər.
Çıxış edənlər Azərbaycan Respublikasının Konstitusiyasının tarixi əhəmiyyəti, hüquqi dövlət quruculuğunda, eləcə də insan hüquq və azadlıqlarının qorunmasında rolu barədə danışıb, dövlət suverenliyinin möhkəmləndirilməsində görülən işlər barədə geniş məlumat veriblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Konstitusiya haqqında çıxışlarının yer aldığı videoçarx nümayiş olunub.
Sonda şəxsi heyətin sualları cavablandırılıb, interaktiv müzakirələr aparılıb və bu cür maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb.