SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) əsas tərəfdaşlığı ilə keçirilən “Baku İD 2025” startap və innovasiya festivalı başa çatıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, iyunun 19-20-də keçirilən tədbirin əsas məqsədi innovasiya, texnologiya və sahibkarlıq sahəsində fəaliyyət göstərən startaplarla investorlar arasında əlaqə qurmaq, onların inkişafını və maliyyə cəlbediciliyini stimullaşdırmaq olub.
Festivalın ilk günü 4SİM-in icraçı direktoru Fariz Cəfərov “AI as a Talent Multiplier: Shaping the Future Workforce” adlı paneldə spiker qismində çıxış edərək süni intellektin əmək bazarına və təhsilə təsiri barədə fikirlərini bölüşüb.
4SİM-in rəhbərliyinin iştirak etdiyi “Venture Building and Corporate Innovation in Azerbaijan and the Region” adlı dəyirmi masada regionda innovasiyayönümlü institutlararası əməkdaşlıq müzakirə olunub.
Festivalın sonuncu günü 4SİM-in təşkil etdiyi “Future-Proofing Education: AI & Academia Unite” panel sessiyası keçirilib. Qurumun Rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayevanın moderatorluğu ilə keçən paneldə Silikonvadisindən olan “Qwasar” şirkətinin baş icraçı direktoru Kvame Yamanane, Kembric Universitetindən Niall McNulty, “MentalUP” şirkətinin təsisçisi İqor Burattini və SOCAR-ın Süni intellekt üzrə baş mütəxəssisi Mirəkrəm Ağalarov iştirak ediblər. Çıxışçılar süni intellekt texnologiyalarının təhsilə inteqrasiyası, çevik komandaların qurulmasında süni intellekt alətlərindən istifadə və region üçün potensial EdTech imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, festival boyunca 4SİM-in stendi də iştirakçıların böyük marağına səbəb olub. Ziyarətçilərə “Milli Proqram”, “Sənaye 4.0 Hazırlıq Proqramı” və Dünya İqtisadi Forumunun “Yay Davosu” təşəbbüsü və “Strategic Intelligence” platforması ilə bağlı məlumatlar verilib. İki gün ərzində festivalda iştirak edən 150-dən çox ziyarətçi “Coursera” onlayn təhsil platformasından ödənişsiz yararlanmaq üçün “Milli Proqram”a qoşulub.
“Baku ID 2025” tədbirinin sonunda festivalda təqdimatlarla çıxış edən qalib startaplara 3 milyon ABŞ dolları həcmində investisiya mükafatları təqdim olunub. Builki festivalda 5000-dən çox iştirakçı, 140-dan artıq startap və 47 sponsor və tərəfdaş bir araya gəlib.