Almaniyada polisə bıçaqla hücum edən şəxs zərərsizləşdirilib


Almaniyanın Baden-Vürtemberq əyalətinin Vangen qəsəbəsində polis əməkdaşına bıçaqla hücum edərək ona xəsarət yetirən şəxs güllələnərək zərərsizləşdirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə sığınacaq axtaran şəxs qismində ölkədə olan və barəsində azadlıqdan məhrumetmə hökmü çıxarılmış 27 yaşlı əfqan gəncin saxlanılması zamanı baş verib. Polis onun yaşadığı ünvana yaxınlaşarkən, həmin şəxs qəfildən bıçaqla hücum edib. Hücum nəticəsində bir polis əməkdaşı ağır xəsarətlər alıb.

Polis hücumun qarşısını almaq üçün həmin şəxsə bir neçə dəfə atəş açıb. Ona təcili tibbi yardım göstərilməsinə baxmayaraq, hadisə yerində ölüb.

Baden-Vürtemberq əyalətinin daxili işlər naziri Tomas Strobl polis əməkdaşlarına qarşı hücumu qətiyyətlə pisləyərək deyib: “Kim polisə bıçaqla hücum edirsə, öz həyatını təhlükəyə atır”.

Almaniya Polis İttifaqının məlumatına əsasən, 2025-ci ildə təkcə Baden-Vürtemberq əyalətində polis tərəfindən odlu silahdan istifadə halı yeddi dəfə baş verib.

Əlaqəli Xəbərlər