Kölgə iqtisadiyyatının zərərləri BUNLARDIR


“Kölgə iqtisadiyyatı — uçota daxil edilməyən və ya uçotdan gizlədilən iqtisadiyyatdır. Burada üç əsas növ fəaliyyət mövcuddur: uçota daxil edilməyən, uçotdan gizlədilən və idarəedici orqanlara vergi verilməyən qeyri-leqal iqtisadiyyatlar. Bu üç kateqoriya birlikdə kölgə iqtisadiyyatını təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, birinci növ — uçota daxil edilməyən fəaliyyətlərdir. Məsələn, şəxsi həyətdə pomidor, xiyar yetişdirmək və ya toyuq saxlamaq kimi fəaliyyətlər rəsmi uçota daxil edilmədiyindən uçota daxil edilməyən iqtisadiyyat sayılır. Bu fəaliyyətlər iqtisadiyyatın bir hissəsi olmaqla, insanların ehtiyaclarını ödəməyə xidmət edir.

İkinci növ — uçotdan gizlədilən iqtisadiyyatdır. Burada fəaliyyət qanuni ola bilər, lakin gəlirlər uçotdan gizlədilir. Belə iqtisadiyyat cəmiyyət üçün o qədər də narahatlıq yaratmır və ona qarşı ciddi mübarizə aparılmır.

Üçüncü növ isə idarəedici orqanlara vergi verilməyən, yəni qeyri-qanuni (kriminal) iqtisadiyyatlardır. Bu növ həm uçotdan gizlədilir, həm də qanunsuz fəaliyyətləri əhatə etdiyi üçün cəmiyyət üçün təhlükəlidir.

Nəticədə, uçota daxil edilməyən, uçotdan gizlədilən və idarəedici orqanlara vergi verilməyən iqtisadiyyatlar birləşərək kölgə iqtisadiyyatını formalaşdırır. Məsələn, qanunsuz fəaliyyətlərlə məşğul olub gəlirini uçotdan gizlədən şəxslər bu kateqoriyaya daxildir”.

Ekspert qeyd edib ki, Kölgə iqtisadiyyatının cəmiyyətə və dövlətə vurduğu zərər onun növündən asılıdır: “Birinci növ — şəxsi təsərrüfat fəaliyyətləri, yəni uçota daxil edilməyən kiçik ölçülü təsərrüfat sahələri — iqtisadiyyata ziyan vermir. Bu növ fəaliyyətlər dövlət tərəfindən nəzarət altına alınmaq istənilmir, çünki onların cəmiyyətə mənfi təsiri yoxdur və bu sahə iqtisadi dövriyyənin təbii hissəsi sayılır.

İkinci növ — uçortdan gizlədilən, lakin qanuni fəaliyyət göstərən iqtisadiyyat — cəmiyyətə müəyyən zərər verir. Belə ki, vergi uçortundan gizlədilən sahibkarların xərcləri, tam uçota daxil olan şirkətlərlə müqayisədə aşağı olur. Bu, bazarda rəqabətin pozulmasına gətirib çıxarır və ədalətsiz üstünlük yaradır. Eyni zamanda, belə fəaliyyət nəticəsində dövlət büdcəsinə daxil olan vergi gəlirləri azalır, bu da dövlətin maliyyə balansına mənfi təsir göstərir.

Üçüncü növ — idarəedici orqanlara vergi verməyən, qeyri-qanuni (kriminal) iqtisadiyyat — həm dövlətin iqtisadi maraqlarına, həm də cəmiyyətin təhlükəsizliyinə ciddi zərər verir. Bu fəaliyyətlər dövlət tərəfindən təhlükəli hesab olunur və ictimai maraqlar baxımından çoxsaylı problemlər yaradır. Burada yalnız maliyyə itkiləri deyil, həm də sosial və hüquqi fəsadlar meydana çıxır.

Nəticə olaraq, kölgə iqtisadiyyatının müxtəlif növləri cəmiyyətə və dövlətə fərqli səviyyədə zərər verir və onların qarşısının alınması üçün fərqli idarəetmə yanaşmaları tələb olunur”- deyə iqtisadçı əlavə edib.

Əlaqəli Xəbərlər