TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Azərbaycanda keçiriləcək III MDB Oyunları ilə bağlı ehtiyat tədbirlərinin görülməsi haqqında tapşırıq verib. SİA xəbər verir ki, o bununla bağlı qurumun fəaliyyətinə dair keçirilən növbəti geniştərkibli müşavirədə danışıb.
Vüqar Qurbanov yarışların yalnız Bakıda deyil, eyni zamanda Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində də keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
O, müəssisə rəhbərlərinə ehtiyat tədbirlərinin görülməsi, əlavə növbətçilik qrafiklərinin tərtib olunması, yarış marşrutlarına uyğun təcili tibbi yardım dəstələrinin formalaşdırılması və ümumi hazırlıq vəziyyətinin operativ şəkildə təşkil edilməsi barədə tapşırıqlarını verdiyini diqqətə çatdırıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov isə III MDB Oyunlarının Azərbaycanın səhiyyə sistemi üçün növbəti ciddi sınaq olacağını bildirib.
Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın 7 şəhərində keçiriləcək.