Baş Prokurorluğun nümayəndə heyəti Türkiyə Ədliyyə Akademiyasında olub


Azərbaycan Respublikası Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri çərçivəsində iyulun 22-də nümayəndə heyətinin üzvləri ilə Türkiyə Ədliyyə Akademiyasında görüş keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə çıxış edən Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Bekir Altun iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyini bildirib.

Nümayəndə heyətinin üzvü, Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev səmimi qəbula görə təşəkkürünü bildirib. O, Türkiyə Ədliyyə Akademiyası ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb və bu günə qədər əldə olunmuş nailiyyətləri diqqətə çatdırıb. Qeyd edib ki, bu uğurlar Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Türkiyə Ədliyyə Akademiyası arasında 2021-ci ildə imzalanmış “Hüquq sahəsində tədris və tədqiqat fəaliyyəti ilə prokuror və prokuror vəzifəsinə namizədlərin təliminə yönəlmiş əməkdaşlıq haqqında” anlaşma memorandumuna uyğun olaraq, həmçinin Türk Ədliyyə Təlim Şəbəkəsi çərçivəsində reallaşıb.

Görüş zamanı prokurorların təlimi, hüquqi əməkdaşlıq, təlim səfərləri və digər sahələrdə qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyi bildirilərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Azərbaycan nümayəndə heyəti Türkiyə Ədliyyə Akademiyasının inzibati binası, kitabxanası, tədris korpusları və yataqxanaları ilə yaxından tanış olublar.

Əlaqəli Xəbərlər