2025-ci ilin iyul ayının sonundan etibarən Avropa İttifaqının Şengen zonasının xarici sərhədlərində yeni sərhəd nəzarəti qaydaları qüvvəyə minəcək.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Aİ Şurasının qərarına uyğun olaraq, Avropa İttifaqının xarici sərhədini keçdiyi zaman Aİ-dən kənar ölkələrin bütün vətəndaşlarının məlumatlarının qeydiyyata alınması üçün “giriş-çıxış” (Entry/Exit System, EES) rəqəmsal sisteminin mərhələli şəkildə istifadəyə verilməsinə başlanılır.
Bəs sərhəddə nə qeydə alınacaq? Sistem avtomatik olaraq ad və soyad, barmaq izləri, üz fotosu (biometrik məlumatlar), giriş-çıxış tarixi və vaxtını, həmçinin sərhədin keçildiyi nöqtəni qeydiyyata alacaq.
EES həm viza rejiminə malik üçüncü ölkələrin vətəndaşlarını, həm də vizasız səyahət edənləri əhatə edir.
Aİ Şurasının qeyd etdiyi kimi, yeniliklərin məqsədi təhlükəsizliyin gücləndirilməsi, terrorizm və qeyri-qanuni miqrasiya ilə mübarizədir. Sistem sayəsində Aİ-də qalma müddətinin ötməsini daha tez və dəqiq müəyyən etmək, saxta sənədləri üzə çıxarmaq, Aİ üzv dövlətləri arasında məlumat mübadiləsini yaxşılaşdırmaq, cinayətlərin qarşısının alınması və istintaqının səmərəliliyini artırmaq mümkün olacaq.
MTI agentliyinin məlumatına görə, sistem növbəti altı ay ərzində mərhələli şəkildə tətbiq olunacaq. O, Şengen zonasının bütün xarici sərhədlərini – həm hava limanlarını, həm də quru və dəniz sərhəd keçidlərini əhatə edəcək.
Şengen zonasının xarici sərhədini keçən Avropa İttifaqına daxil olmayan ölkələrin (o cümlədən Rusiya, Ukrayna, Böyük Britaniya və s.) vətəndaşları üçün ilk giriş zamanı biometrik məlumatların toplanması səbəbindən nəzarətdən keçmə prosesi bir qədər çox vaxt apara bilər. Daha sonra məlumatlar ümumi məlumat bazasında saxlanılacaq və növbəti sərhəd keçidləri zaman istifadə olunacaq.