“Sosial şəbəkələrdə ağladığını paylaşanlar, məzar daşı ilə şəkil çəkdirib yayımlayanlar son zamanlar daha çox müşahidə olunur. Bu cür paylaşımlar bəzən səmimi hisslərin ifadəsi kimi görünə bilər, lakin çox zaman cəmiyyət tərəfindən qeyri-etik və yersiz sayılır. Kədər, ağrı, yas kimi duyğular şəxsi və dərin yaşantılardır. Onları hər kəsin gözü önündə nümayiş etdirmək bu hisslərin dəyərini azaltmaqla yanaşı, bəzən diqqət çəkmə vasitəsi kimi də yozula bilər”. Bu sözləri SİA-ya açıqlamasında sosial məsələlər üzrə ekspert Fatimə Hacıbəyli deyib.
Fatimə Hacıbəyli sözlərinə belə davam edib: “Məzar başında şəkil paylaşmaq isə xüsusilə həssas mövzudur. Bu cür addımlar mərhuma və yaxınlarına qarşı hörmətsizlik kimi qəbul oluna bilər. Qəbiristanlıq düşünmək, dua etmək və səssiz hörmət yeridir – bunu şəxsi reklam və ya vizual effekt meydanına çevirmək doğru yanaşma deyil.
Ümumilikdə isə duyğuların paylaşılmasında səmimiyyət və hörmət həddi qorunmalıdır. Sosial media hər hissin nümayiş olunacağı yer deyil. Bəzən susmaq, paylaşmamaq daha böyük hörmət və anlayış əlamətidir”.
Ayşən Vəli