“Kartlardan vəsaiti yalnız reklamla çıxarmırlar. Ümumiyyətlə, vətəndaşın telefonuna zəng edirlər, bankdandır və s. deyərək aldadırlar. Bundan qorunmağın yolu sadədir. İlk növbədə vətəndaş bilməlidir ki, bank heç vaxt e-mail və ya telefonla kart məlumatlarını istəməz. Kimsə e-mail və ya zəng edib soruşursa, hər hansı bir yerə daxil olarkən bankın adından istifadə edirsə, bilin ki, aldadırlar. Bu çox sadədir və bir çox vətəndaş bunu bilir”. Bu sözləri SİA-ya açıqlamasında bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, eyni zamanda, sosial şəbəkədə hər hansısa reklam görürsünüzsə, inanmayın, çünki bankın özünün saytı var – oradan baxa bilərsiniz. Girib yoxlasanız, məlumatın yalan və ya doğru olduğunu biləcəksiniz. Ümumiyyətlə, nəinki bank, eyni zamanda Azərbaycanın dövlət, neft şirkətləri adına da sosial şəbəkələrdə yazılar yazırlar. Lakin onların öz rəsmi saytlarına girib baxanda yazılan məlumatın yanlış olduğunu görürük.
Sovet dövründə bizim xalq elə düşünürdü ki, televiziyada nə görürlərsə, bu, elə belə olmalıdır. Bu gün isə artıq hamı bilir ki, hətta televiziyada deyilənlər belə yalan ola bilər. Buna görə də vətəndaşlar ehtiyatlı olmalıdırlar. Bankların bu sahədə işi isə müştərilərə məlumat vermək, onları maarifləndirməkdir.