Gürcüstanda xarici qrantları qadağan edən qanun qüvvəyə minib


Gürcüstanda “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna edilən dəyişikliklər qüvvəyə minib. SİA xəbər verir ki, prezident Mixail Kavelaşvili aprelin 17-də qanunu təsdiqləyib.

Qanuna əsasən, Gürcüstan hökumətinin razılığı olmadan xarici qrantların qəbul edilməsi qadağan olunur.

Hökumətin razılığı olmadan qəbul edilən qrant üçün cərimə onun məbləğindən iki dəfə çox olacaq.

Xarici qrantın təsdiqlənməsi üçün hökumətə 10 gün vaxt veriləcək. Hökumətin qərarından şikayət edilməsi onun icrasını dayandırmayacaq. Qanunun icrasına nəzarəti isə Antikorrupsiya Bürosu həyata keçirəcək.

Bununla yanaşı, bir sıra istisnalar da nəzərdə tutulub. Belə ki, beynəlxalq idman assosiasiyaları, federasiyaları və komitələri tərəfindən verilən qrantlar, eləcə də Gürcüstandan kənarda təhsil və elmi-tədqiqat məqsədilə ayrılan fərdi təqaüdlər və ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların qrantları bu qanuna daxil edilməyəcək.

Qanunun təşəbbüskarı hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının rəsmiləri bildirirlər ki, əsas məqsəd dövlət institutlarını xarici müdaxilələrdən və sabitliyi pozmaq cəhdlərindən qorumaqdır.

Əlaqəli Xəbərlər