“Məsud Pezeşkianın Azərbaycana səfəri çox müsbət hadisədir”


“İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri təbii ki, çox müsbət hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.

Elşad Məmmədli sözlərinə belə davam edib: “Bildiyimiz kimi, aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə, daha sonra geniş tərkibdə görüşləri olub. Bu səfər və görüşlərdən sonra Azərbaycan-İran münasibətlərində yeni bir səhifənin açılacağını söyləyə bilərik.

Məsələyə daha geniş prizmadan yanaşmalıyıq: Azərbaycan Prezidenti İlham Əliyevin Çin səfərindən bir neçə gün sonra Pezeşkianın Azərbaycana səfər etməsi qlobal layihələrlə bağlı yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Həm siyasi, həm iqtisadi, həm logistik baxımdan İranla da müzakirələr indiki mərhələdə vacib məsələdir. Bu səfərdən sonra Tehranın ötənlərdə aparmış olduğu yanlış siyasət nəticəsində iki ölkə arasında məlum gərginliklərin də aradan qalxacağı gözləniləndir. Şübhəsiz, İran Azərbaycanın regionda ən böyük oyunçu olmasının fərqindədir və ölkəmizlə gərginliyi aradan qaldırmaqdan başqa yol olmadığı qənaətindədir. Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı şübhəsiz ki, bir sıra məsələlər, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müəyyən razılaşmalar əldə olunacaq.

İran və Azərbaycanın zəngin tarixi və mədəni əlaqələri mövcuddur. Cənubi Azərbaycanda 40 milyon civarında soydaşımız yaşayır. Son günlərdə Pezeşkianın Azərbaycan türkcəsində şeirlər səsləndirməsini də səfər ərəfəsində müəyyən bir mesaj olduğunu düşünə bilərik. Qarşılıqlı etimad fonunda strateji əməkdaşlıq inkişaf etdikcə, İranla ikitərəfli ticarət dövriyyəsindəki artım daha da yüksələcək.

Xatırladım ki, 2023-cü ildə İranla ticarət dövriyyəsi 500 milyon dollar idisə, 2024-də bu göstırici 30 faizdən çox artıb və 650 milyon dollara yaxınlaşıb. Azərbaycan-İran əməkdaşlığı yüksəldikcə, təbii olaraq ticarət dövriyyəsi də artacaq. Ən əsası, siyasi müstəvidə anlaşmalar, mehriban qonşuluq razılaşmaları ilə regionda tam yeni bir tendensiyaların şahidi ola bilərik. Habelə, Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı, Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması, Ağbənd – Kəlalə avtomobil və dəmir yolu qovşağının yaradılması, Araz çayı üzərində anbarların, stansiyaların birgə istifadəsi və s. məsələləri sürətlənər. Əgər İran tərəfi səmimiyyətlə bu cür davam edərsə, nəinki regional, qlobal proseslərdə də müsbətə doğru ciddi dəyişiklər baş verər”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər